Orxon-Yenisey daş kitabələrinin oxunmasının 130-cu ildönümüdür
27.11.2023

130 il öncə - 25 noyabr 1893-cü ildə Türk mədəniyyəti tarixində önəmli hadisə baş verib. Danimarkalı ünlü alim Vilhelm Tomsen ilk dəfə qədim türk tarixi mədəniyyət abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu bildirib.

İlk olaraq "Tanrı" və "Türk" sözlərini oxumağı bacaran alim, qədim türk yazı mədəniyyəti və əlifbası haqqında kəşfi ilə dünya elminə dəyərli töhfə verib. Bu, əlbəttə, ilk növbədə, Türk dünyası üçün unudulmaz hadisədir.

Dilçi və tarixçi, professor Vilhelm Lüdviq Peter Tomsen (Vilhelm Ludwig Peter Thomsen; 25.01.1842, Kopenhagen - 12.05.1927, Kopenhagen) Hind-Avropa dilləri, Baltik-Fin və Türk dillərinin tarixinə, Etrusk dilinə, ümumən dilçilik tarixinə və Avropa tarixinə dair dəyərli əsərlərin müəllifidir. O, Kopenhagen Universitetini bitirib, həmin universitetdə doktorluq dərəcəsi alıb və 1871-ci ildən 1913-cü ilə (təqaüdə çıxana) kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1894-cü ildə Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü seçilən Vilhelm Tomson, Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909-1927) olub.

Bu anlamlı gün münasibəti ilə bütün türkoloqlarımızı qutlayır,

professor Vilhelm Tomsenə, onun timsalında bütün klassik türkoloqlara Ulu Tanrıdan rəhmət diləyirik!

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi

visiontv.az