Nyu-York metrosunda zorakılıq halları artıb
28.03.2024

Nyu-York metrosunda zorakılıq halları artıb

Son zamanlar Nyu-York metrosunda zorakılıq halları ilə bağlı xəbərlər daha tez-tez yayılır və onların əksəriyyəti ölümlə nəticələnir. Ştatın qubernatoru Keti Hokul bu vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

AZƏRTAC  ABŞ mediasına istinadla xəbər verir ki, son vaxtlar hər gün beş milyondan çox insanın istifadə etdiyi Nyu-York metrosu haqqında yerli mətbuatda daha xəbərlər dərc olunur. Polisin məlumatına görə, keçən il qatar və stansiyalarda 570 fiziki zorakılıq aktı törədilib. “Bu, yüksək rəqəmdir, lakin həyata keçirilən milyonlarla səfərlə müqayisədə sensasiyalı dərəcədə böyük deyil”, -deyə Nyu-York meri Erik Adams bildirib.

Qubernator Keti Hokul deyib: “Nyu-York Polis departamentinin son məlumatları metropolitenin ərazisində cinayətkarlığın ötən illə müqayisədə 15 faiz azaldığını göstərsə də, sərnişinlər hələ də özlərini təhlükə altında hiss edirlər”. Bir çox sərnişinləri metroda ruhi xəstə və ya narkotik maddələrin təsiri altında olan insanların sayının artması narahat edir.

Qubernator, həmçinin şəhərin ən böyük qatar stansiyalarında çantaları yoxlamaq üçün daha min polis nəfəri və Milli qvardiya üzvü yerləşdirməyə söz verib. Uniformalı zabitlərə silah növlərini - bıçaq, tapança, ülgüc və s. axtarmağı daha da intensivləşdirmək tapşırılıb. Bundan başqa, qatarların kabinələrində əlavə kameralar quraşdırılacaq.

visiontv.az