Növbədənkənar qurultayla CHP-nin daxilində mövcud olan problemlər aradan qalxmadı
Növbədənkənar qurultayla CHP-nin daxilində mövcud olan problemlər aradan qalxmadı
08.04.2025 Elbəyi Həsənli Tərəfindən

CHP-nin növbədənkənar qurultayı oldu. Qurultay ərəfəsində CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu “Namizəd olsan, üzünə tüpürərlər”, “hansı üzlə namizəd olacaqsan” deyə açıq şəkildə hədələyirdilər. Kim hədələyirdi? CHP üzvləri və ya bu partiyaya simpatiya bəsləyənlər...

Sayın Kılıçdaroğlu qurultayda namizəd olmayacağını açıqladı. Sözünün canı o oldu ki, “namizəd olsan, üzünə tüpürərlər” deyən siyasətçilərin təhdidlərdən qorxaraq belə bir addım atmıram, çünki oğurluq edənlərin üzünə tüpürürlər, mənsə oğurluq etməmişəm.

CHP-də mövcud olan problemlərin kökü Kamal Kılıçdaroğlunun bu fikrindən qaynaqlanır. Söhbət ondan gedir ki, 2023-cü ilin noyabrında CHP-nin konqresi keçirildi. Gözlənilmədən Kamal Kılıçdaroğlu başqanlğı Özgür Özelə uduzdu. Həmin konqreslə bağlı Kamal Kılıçdaroğlu “Məni kürəyimdən xəncərlə vurdular” dedi...

Niyə belə dedi? Hazırda məhkəmədə bu məsələ araşdırılır. İddia belədir ki, həmin konqresdə bir çox konqres nümayəndəsi, xüsusən İstanbuldan olanlar pul və digər təmənna qarşılığında Özgür Özələ səs verib. Konqres nümayəndələrinin səsinin satın alınmasına isə Əkrəm İmamoğlu rəhbərlik edib. Kamal Kılıçdaroğlu ilə ata-bala münasibətində olan Əkrəm İmamoğlu nədən Özgür Özələ dəstək verib? Çünki “ata-oğul” münasibətləri özünün qabağa çıxmasını əngəllədi. Ona görə də öz adamını yuxarı başa keçirdi. “Məni kürəyimdən xəncərlə vurdular” deyəndə sayın Kılıçdaroğlu Əkrəm İmamoğlunu nəzərdə tutur...

Keçirilən növbədənkənar qurultayla CHP məhkəmə araşdırmalarını bəribaşdan sıfırlamağa çalışır. Ancaq ekspertlər bildirir ki, istintaq təsdiq etsə ki, nümayəndələrin səsinin satın alınması nəticəyə təsir edəcək səviyyədə olub, onda konqresin də, bu gün keçirilən qurultayın da nəticəsi ləğv olunacaq...

Qurultayda Əkrəm İmamoğlunun CHP başqanı seçiləcəyi gözlənilirdi. Ancaq belə olmadı. Özgür Özel Əkrəm İmamoğluna belə bir şans tanımadı. Türkiyə qanunlarına görə isə ali savadı olmadığna görə, yəni diplomu olmamasından dolayı Əkrəm İmamoğlu prezident seçkisinə qatıla bilməz...

Diplom məsələsi ilə bağlı orasını da deyim ki, bu söhbəti də qaldıran CHP-dir. Onalar iddia edirdilər ki, Tayyib Ərdoğanın diplomu yoxdur. Enində-sonunda bu diplom söhbəti Əkrəm İmamoğlunu vurdu.

Mənim baxışıma görə, Əkrəm İmamoğlu son dərəcə çevik siyasətçidir. İstanbul kimi nəhəng şəhərin maliyyə resurslarından öz PR kampaniyası üçün məharətlə yararlanır. Şübhəsiz ki, Tayyib Ərdoğan+Dövlət Baxçalı tandemi prosesləri yaxından izləyirdi. Fürsəti dəyərləndirib hərəkətə keçdilər.

Mən Əkrəm İmamoğlunun rüşvət və korrupsiyada böyük məharət sahibi olmasını elə bir qəbahət saymıram. Çünki rüşvət və korrupsiyasız böyük siyasətdə uğur qazanmaq müşkül məslədir.

Əkrəm İmamoğluda mənim xoşuma gəlməyən əsas cəhət odur ki, o, etnik, dini və cinsi azlıqlara xüsusi önəm verən birisidir. Bu isə Türkiyənin parçalanmasına gətirib çıxara bilər. Məni daha çox məhz bu amil narahat edir.

Bəs nədən xalq tərəfindən CHP-yə meydanlarda belə ciddi dəstək verildi? Problem ondadır ki, mövcud iqtidar Türkiyədə mövcud olan və getdikcə dərinləşən sosial problemləri həll edə bilmir.

Məncə, Tayyib Ərdoğanın Türkiyə qarşısında nəhəng xidmətləri var. Ancaq az qala 25 il iqtidarda olan birisinin sosial problemləri, yəni xalqın dolanışığını təmin edə bilməməsi, ciddi narazılıq doğurur. Və bu narazılıq insanları küçələrə, meydanlara daşıyır...

Növbədənkənar qurultayla CHP-nin daxilində mövcud olan problemlər aradan qalxmadı. Düşünürəm ki, Türkiyədə iqtidarla müxalifət arasındakı münasibətlər getdikcə daha da sərtləşəcək.

Ancaq Tayyib Ərdoğan bazarlıq etməyi sevən siyasətçidir. Bu və ya digər məsələ ilə bağlı Özgür Özəl ilə gizli şəkildə anlaşa da bilər...

Elbəyi Həsənli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8