Nasizmə “hamilə”lik: Və ya Makron kimi siyasi impotentlərin sonu…
Nasizmə “hamilə”lik: Və ya Makron kimi siyasi impotentlərin sonu…
08.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Emmanuel Makron yəqin ki, indi kilsəyə gedib Tanrıya şükranlıq duası edir, iyulun 7-də keçirilən parlament seçkilərinin 2-ci turunda əsas rəqibi olan ultramillətçi Marin Le Pen və Jordan Bardellanın rəhbərlik etdiyi “Milli Birlik” Partiyasının həlledici qələbə qazana bilməməsinə ürəkdən sevinir.

Düzdür, Makronun özünün də başçılıq etdiyi “İntibah” Partiyası da bu seçkilərdə inamlı qələbə qazana bilmədi və sadəcə ikinci yerlə kifayətlənməli oldu.

İlkin nəticələrə görə, seçkilərə solçuların və “yaşıl”ların ittifaqı olan “Yeni Xalq Cəbhəsi” liderlik edir. Bu isə müəyyən mənada Makronu qane edir. Çünki Makron ultramillətçilərin səslərin əksəriyyətini qazanmasındansa, solçular və “yaşıl”larla birlikdə koalision hökumət qurmağı daha məqbul hesab edir. Makronun düşüncəsinə görə, bu, tam rüsvayçı məğlubiyyətdən daha yaxşıdır.

Lakin ikinci turun nəticələrinin Makronu qane etməsinə baxmayaraq, o, bütün hallarda uduzmuş sayılır. Bir çox ekspertlərin söylədiyi kimi Makronun erası artıq bitib və makronizm iflasa uğrayıb. Bu gedişlə onun prezidentlik karyerası vaxtından tez bitəcək.

İndi Böyük Britaniyada və Almaniyada olduğu kimi Fransada da siyasi elitaların çöküşü prosesi yaşanır. Odur ki, Rişi Sunakın ardınca, Makron da tezliklə şələ-küləsini yığışdırıb, Yelisey Sarayını həmişəlik tərk edə bilər.

Bu, həm də dünyada yaşanan geosiyasi təlatümlər fonunda Qərb ölkələrində mövcud siyasi trendlərin, dəblərin dəyişməsi ilə bağlıdır. Liberal qüvvələr siyasi vitrindəki yerlərini aşırı sağçı, millətçi, radikal partiyalara verməli olurlar. Avropa yenidən 100 il bundan öncəki gerçəkliklərə qayıdır…

Bir sözlə, makronlar, şoltslar, sunaklar liberal-solçu dəyərlərə əsaslanan “Avropa cənnəti”ni qoruyub saxlamağı və onu inkişaf etdirməyi bacarmadılar. Ona görə də Avropa yenidən nasizm, faşizm ideyalarına “hamilə” qalmağa başlayır. Makron kimi siyasi impotentləri artıq heç bir koalisiya-flan xilas edə bilməz.

Bəybala Mirzəyev

visiontv.az