Modi niyə gəlir..?
03.07.2024

Hindistan-Rusiya münasibətləri qlobal siyasətdə sabitdir, müdafiə, enerji və texnologiya kimi sahələrdə qarşılıqlı hörmət və strateji əməkdaşlıq ilə xarakterizə olunur. Modinin kabinetinin əsas fiqurlarından olan Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bu tərəfdaşlığın inkişafında mən deyərdim ki, rol oynayan əsas fiqurlardan hesab edilir.

Modinin İyulun 8-də Moskvaya səfəri Nyu-Dehlinin Ukrayna münaqişəsi fonunda Rusiya ilə enerji əməkdaşlığına görə ABŞ və digər Qərb ölkələrinin artan təzyiqinə məruz qaldığı bir vaxtda xüsusilə vacibdir. Artan bu təzyiqlərə baxmayaraq, Hindistan xarici siyasət qərarlarının praqmatik aspektlərini vurğulayaraq strateji muxtariyyət mövqeyini saxlayır. Arktika sahəsində əməkdaşlıq Hindistanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, iki ölkə arasında siyasi və elmi əlaqələri daha da gücləndirir.

Bundan əlavə, Şimal Dəniz Marşrutunun şərq hissəsi boyunca ilboyu naviqasiyaya başlanması 2024-cü ilin sonuna planlaşdırılır. 2030-cu ilədək yükdaşımaların həcmi 150 milyon tonu, 2035-ci ilə qədər isə 200 milyon tonu ötəcək ki, bu da qlobal ticarət üçün bu marşrutun əhəmiyyətini xeyli artıracaq. Hindistan dəhlizin işə salınmasında tərəfdaş və iştirakçı olmaq üçün bu fürsəti əldən verə bilməz, xüsusən də Çin və digər Asiya ölkələri Rusiya ilə daşımaları genişləndirmək və nəqliyyat üçün yeni buz sinifli konteyner gəmiləri tikmək üçün əməkdaşlığı intensivləşdirdiyi əsnada. Hindistan da öz növbəsində ölkənin Arktikadakı qütb tədqiqat stansiyalarını təchiz etmək üçün buzqıran gəmidə maraqlıdır.

Hesab edirəm ki, Modinin üçüncü müddəti Rusiya ilə münasibətlərin strateji nüanslarına vurğu vəd edir. Hindistan hökuməti diqqəti yüksək etimad sahələrinə xüsusilə müdafiə, kosmos, nüvə enerjisi və xarici təzyiqlərə qarşı yönəldəcək. Bu səylər gələcək ikitərəfli əməkdaşlıq üçün tutarlı və güclü zəmin yaradacaq. Artan qlobal münaqişələr (İsrail vs Fələstin, Çin vs ABŞ) və çoxqütblü dünya arzusu fonunda Hindistanın digər ölkələrlə, ilk növbədə Rusiya ilə münasibətlərində praqmatik siyasəti onun formalaşmasında əsas oyunçu kimi mövqeyini gücləndirəcək. Rusiya isə inkişaf edən çoxqütblü qlobal və regional nizamda öz geosiyasi mövqeyini möhkəmləndirmək imkanı əldə edəcək.

Pərviz Əliyev

visiontv.az