Azərbaycan Televiziyasından (AzTV) dövlət qurumlarına müraciət edərək, mobil operatorların istehlakçı hüquqlarını pozması ilə bağlı, xüsusilə aztəminatlı insanları narahat edən bir məsələni diqqətə çatdırdım.
Eyni zamanda müşahidə edirəm ki, mobil operatorlar öz metodologiyalarında və qiymət siyasətində tədricən dəyişikliklər edirlər. Güman edirəm ki, bu ay ərzində də əlavə dəyişikliklər tətbiq oluna bilər. Bu, təkcə Azercell-ə deyil, hər üç mobil operatora aiddir. Operatorlar “gözə batmadan dəyişiklik et” taktikasını həyata keçirə bilərlər.
Azercell ilə bağlı xüsusi olaraq qeyd edilməlidir ki, əsas tarif paketlərində hələlik birbaşa qiymət artımı müşahidə edilmir. Lakin iki mobil operatorun (Azərcell və Bakcell) əlavə internet paketlərində müəyyən dəyişikliklər baş verib. Bu dəyişikliklər arasında həm müsbət, həm də mənfi məqamlar var. Məsələn, bəzi xidmətlərdə sürət limiti ləğv edilib, lakin bu dəyişikliklərlə paralel olaraq qiymət artımı da tətbiq olunub. Eyni zamanda, kiçik həcmli planlar və ya paketlər ləğv edilərək onların əvəzinə iri həcmli plan və əlavə paketlər təklif olunur.
Növbəti həftə bu dəyişikliklər barədə müqayisəli təhlil yazısı hazırlayacağam. Həmin yazıda bu dəyişikliklərin həm müsbət, həm də mənfi tərəflərini izah etməyə çalışacağam.
Məsələn, sürət limiti məhdudiyyətlərinin ləğvi prinsip etibarilə müsbət haldır. Əgər bu dəyişiklik nəticəsində qiymətdə cüzi artım olursa, bu, kommersiya baxımından da qəbul edilə bilər.
Əlavə olaraq, kiçik həcmli tarif paketlərinin ləğvi və ya dəyişdirilməsi ilə bağlı vətəndaşlara aydın və şəffaf izahatlar verilməlidir. Məsələn, 2 manatlıq tarif paketi alan istifadəçi ay ərzində ehtiyaclarını qarşılamadığı üçün bir neçə dəfə əlavə paket almağa məcbur qalır və nəticədə daha çox vəsait xərcləyir. Halbuki istifadəçi öz aylıq tələbatını düzgün hesablasa, iri həcmli paket seçərək həm xərclərinə nəzarət edə, həm də əlavə paketlərə ehtiyac duymaya bilər. Eyni şəkildə, danışıq dəqiqələrinin qiyməti kiçik paketlərdə 8 qəpik olduğu halda, iri həcmli paketlərdə bu 6 qəpiyə qədər düşə bilər.
Bütün bu məqamlara obyektiv yanaşmaq, dəqiq analiz aparmaq və məlumatları xalqın başa düşəcəyi sadə dildə cəmiyyətə çatdırmaq olduqca vacibdir.
Təhlil yazımda eyni zamanda dövlət qurumlarının nizamnamələrinə uyğun olaraq bu prosesdə hansı öhdəlikləri yerinə yetirmədiklərini də araşdıracaq və dəqiq şəkildə qeyd edəcəyəm.
AİKTSA sədri Elvin Abbasov
visiontv.az