Milli media məkanımızı hədəf seçənlər kimlərdir və nə istəyirlər? - deputat Hikmət Babaoğlu
Milli media məkanımızı hədəf seçənlər kimlərdir və nə istəyirlər? - deputat Hikmət Babaoğlu
06.07.2021 Hikmət Babaoğlu Tərəfindən

1875-ci ildə "Əkinçi" qəzetinin nəşrinə başlamaqla Azərbaycanın milli mətbuat tarixinin əsasını qoyan görkəmli ziyalı Həsən bəy Zərdabi qeyd edirdi ki, mətbuat cəmiyyətin aynasıdır. 146 illik mətbu yolumuz bu həqiqətin bütün dövrlər üçün aktual olduğunu tam təsdiqlədi.

Eyni zamanda agah olduq ki, mətbuat təkcə xəbər istehsal edən və onu oxucu auditoriyasına çatdıran, sadəcə maarifləndirmə, məlumatlandırma funksiyasını yerinə yetirən vasitə deyil. Onun missiyası funksiyasından genişdir. Media ictimai münasibətləri tənzimləyən, dövlətlə vətəndaş arasında mənəvi-ideoloji körpü yaradan, hətta dövlətçilik ənənələrinin, milli maraqların, milli-mənəvi dəyərlərin qorunmasını təmin edən çox mühüm amildir. Mətbuat, eyni zamanda, milli irsin qorunmasına və xalqın öz tarixi mirasına sahib çıxmasına imkan verən strateji alətdir. Ona görə də zamanın axarında ictimai rəydə “medianın inkişafı milli məsələdir, hər bir fərdin, cəmiyyətin mənafeyini, dövlətin maraqlarını əks etdirən zərurətdir” düşüncəsinin formalaşması təsadüfi deyil.

Yeni nəsil islahatlar və fərqli konseptual baxış

146 il zaman baxımından kifayət qədər uzun müddətdir və Azərbaycan xalqı bu dövr ərzində mürəkkəb, fərqli ictimai-siyasi şəraitdə öz taleyi ilə bağlı mühüm qərarlar edib. İki dəfə müstəqilliyin qazanılmasından tutmuş ümummilli xarakterli taleyüklü hadisələrin qeydə alınmasına qədər müxtəlif məsələləri özündə ehtiva edən böyük tarixi yol qət edib. Elə milli mətbuatımız da bəhs olunan dönəmlərdə ən müxtəlif təsirlərə məruz qalıb. Müstəqillik dövründə Azərbaycan mediası ilə bağlı bir sıra addımlar atılsa da, uzunmüddətli inkişafa dair konkret nəticələr verməyib. Peşəkar mediaya sahib olmaq arzusunu müəyyən müddət, necə deyərlər, təxirə salmalı olmuşuq. Axtarışlar davam edib və nəhayət, medianın inkişafının real düsturu müəyyənləşdirilib: milli-tarixi ənənələrin və mütərəqqi çağırışların nəzərə alınması ilə mətbuatda yeni nəsil islahatların reallaşdırılması. Əlbəttə, bunun üçün yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması lazım idi. Beləliklə, islahatçı lider olan Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ilə milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin əsası qoyuldu.

MEDİA-nın yaradılması hansı zərurətdən irəli gəldi?

Təbii ki, ictimai rəydə müzakirələr zamanı “MEDİA-nın yaradılması hansı zərurətdən irəli gəldi və bu addımın əhəmiyyəti nədən ibarətdir” sualı da gündəmə gəlməyə başladı. Qurum ötən zaman müddətində konkret prinsiplərə və yanaşmalara əsaslanan fəaliyyəti ilə, zənnimcə, bu suallara böyük ölçüdə cavab verməyə müvəffəq oldu. Lakin düşünürəm ki, bəhs olunan məsələyə tam aydınlıq gətirmək üçün bir sıra məqamlara xüsusi nəzər yetirmək gərəkdir.

Qurumun yaradılması fəlsəfəsinə və onun fəaliyyət istiqamətlərinə nəzər saldıqda belə bir qənaətə gəlmək olur ki, MEDİA ölkəmizdə yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirir. Bəs “yeni keyfiyyətdə informasiya mühiti” nə deməkdir, o, özündə hansı xüsusiyyətləri ehtiva edir?

Biz bilirik ki, hər bir ölkənin media məkanı (buraya audiovizual, çap, onlayn media subyektləri ilə yanaşı, yeni media kimi səciyyələndirilən sosial şəbəkələr də daxildir-H.B.) informasiya məcmusundan ibarətdir. Yəni bu məkanda istər yerli, istərsə də xarici kanallar vasitəsilə müxtəlif məlumatlar toplanır. Məsələnin bu tərəfi təbii və normaldır. Lakin əsas nüans milli informasiya məkanımızda toplanan məlumatların keyfiyyəti və xarakteristikası ilə bağlıdır. Yəni bu məlumatlar ictimai rəyə - ovqata necə təsir edir, dövlət-vətəndaş münasibətləri və sosial əlaqələr nə dərəcədə təsirlənir, media subyektlərimiz bu məkanda öz missiyalarını hansı səviyyədə və necə yerinə yetirə bilirlər... Bax, MEDİA-nın qarşısında duran “yeni keyfiyyətdə informasiya mühiti formalaşdırmaq” missiyası bu strateji məsələləri özündə ehtiva edir. Bütövlükdə isə, qurumun bu məqsədə xidmət edən çoxşaxəli fəaliyyəti bir çox cəhətdən strateji əhəmiyyətə malikdir:

- Milli informasiya gündəmimizin xarici subyektlər tərəfindən təyin edilməsinin qarşısının alınması;
- Milli təhlükəsizliyin tərkib hissəsi olan informasiya təhlükəsizliyimizin qorunması;
- Sağlam rəqabətə, fikir plüralizminə əsaslanan informasiya mühitinin formalaşdırılması;
- Jurnalistlərin peşə nüfuzunun artırılması və media mənsublarının sosial müdafiəsinin gücləndirilməsi;
- dövlət orqanları ilə media subyektləri arasında əlaqələrin sağlam məcrada inkişafına nail olunması və qarşılıqlı etimad mühitinin yaradılması;
- media sahəsində mütəxəssislərin hazırlanması və kadrların peşəkarlığının artırılması;
- qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkili və s.

Göründüyü kimi, MEDİA agentliyinin missiyası olduqca genişdir, ictimai faydalılıq prinsipinə əsaslanır və strateji önəm daşıyır.

MEDİA Agentliyinin tətbiq etdiyi yeniliklərin əhəmiyyəti nədən ibarətdir?

Hədəflər reallığa uyğun olduqda, fəaliyyət isə həm hədəfləri, həm də reallığı əks etdirdikdə uğur qazanmaq olur. MEDİA Agentliyinin hədəflərindən bəhs etdik, bunlar həm reallığa əsaslanır, həm də müasir çağırışlara adekvatdır. Bəs fəaliyyət necə, o, gerçəkliklərlə uzlaşırmı, yaxud çağırışlara nə dərəcədə cavab verir?

Agentliyin yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, atılan addımlar bir məqamı xüsusilə önə çəkir: milli-tarixi ənənələrlə müasir tələbləri uzlaşdırmaq, necə deyərlər, tarixiliklə modernizmin vəhdətinə nail olmaqla inkişaf təmin etmək əsas niyyətdir. Məqsəd və niyyət, sadə dildə desək, ürəyimizcədir. Fəaliyyət isə məqsədəuyğundur. Media ekspertlərinin də təsdiq etdikləri kimi, MEDİA Agentliyi yeni fəaliyyət modeli nümayiş etdirməklə öz fərqini ortaya qoyur. Bəs bu yeniliklər nədən ibarətdir?
Əvvəla, mətbuatın bütün seqmentlərinə dövlət dəstəyinin təmin olunması yeni media konsepsiyasının tərkib hissəsi kimi çox önəmlidir. MEDİA Agentliyi bu mexanizmi tətbiq etməklə həm çap mediası timsalında tarixi-mətbu ənənələrin qorunmasına, həm də yeni informasiya subyektlərinə dəstək verməklə müasir tendensiyalara uyğunlaşmağa real zəmin yaradır. Digər tərəfdən, perspektivli media resurslarının, xüsusilə də onlayn medianın inkişafının stimullaşdırılması, media menecmentinin inkişafının təşviqi çox önəmlidir. Bu, Azərbaycan mətbuatının yeni çağırışlara adekvatlığının təmin olunması və idarəetmə mexanizminin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Elə Agentliyin təlim və seminarlar vasitəsilə media savadlılığının artırılmasına xidmət edən addımları da məhz bu sahədə ciddi irəliləyişə nail olmaq üçün vacibdir.

Bu sahədə yeni baxışı əks etdirən çox mühüm amillərdən biri media resurslarının iqtisadi müstəqilliyinin stimullaşdırılması və mətbuat sahəsində şəffaflığın təmin edilməsidir. Bu, hər şeydən əvvəl, media orqanlarının səmərəli, maneəsiz fəaliyyətinə əlverişli zəmin yaratmaqla bərabər, neqativ halların aradan qalxması, mətbuatın özünü yeniləməsi və tənzimləməsi üçün faydalıdır. Paralel olaraq həm Agentliyin fəaliyyəti, həm də media haqqında yeni qanun layihəsinin qəbulu kontekstində jurnalistika mühitinin sağlamlaşdırılması, medianın özünün reket jurnalistikaya qarşı mübarizə mexanizminin formalaşması ictimai immunitetin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Milli media məkanımızı hədəf seçənlər kimlərdir və nə istəyirlər?

Təəssüflər olsun ki, bu məsələdə də bulanıq suda balıq tutmağa çalışanlar var. Onlar, ilk növbədə, islahat xarakterli addımların mahiyyətini təhrif etməyə və əhəmiyyətini azaltmağa çalışırlar. Burada müxtəlif məqsədlər var və onlardan biri, sadə dildə desək, ictimai rəyi yanıltmaqdır. Bəzi məqamlara diqqət yetirək...

MEDİA Agentliyinin son olaraq çap və onlayn media subyektləri arasında təşkil etdiyi müsabiqənin nəticələri ilə əlaqədar sosial şəbəkələrdə süni ajiotaj yaradılması cəhdlərinin şahidi olduq. Bəs populyar media subyektlərinin və peşəkar jurnalistlərin təqdirlə qarşıladığı müsabiqənin nəticələri ilə əlaqədar qərəzli virtual kampaniya aparanlar kimlər idi? Sosial şəbəkələrin Azərbaycan seqmentində sadə monitorinq aparanda görürük ki, Agentliyə qarşı virtual hücumlar “reket media” mənsubları tərəfindən təşkil olunub. Onların məqsədi bəllidir: milli media məkanımızı hədəf seçmək, yeniliklər, islahatlar barədə mənfi rəy yaratmaq.
Faktiki olaraq jurnalistikaya heç bir aidiyyatı olmayan bu şəxslər informasiya müstəvisində ictimai dələduzluqla məşğul olurlar. Görünən odur ki, onlar milli media məkanımızı hədəf seçən dairələrin - Qərbdən idarə olunan şəbəkənin “ideoloji alət”i rolunda çıxış edirlər. Bu şəbəkə konkret olaraq ölkədə “idarəolunan xaos” yaratmaq istəyən qərəzli qüvvələrdən ibarətdir. Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin olunmasından məyus olan bu “informasiya terroristləri”nin məqsədi media mühitində xaos və anarxiyanın hökm sürməsinə nail olmaqdır.

Azərbaycan milli informasiya məkanında mövcud olan reallıqlar, proqressə yönəlik addımlar bu cəhdləri tamamilə rədd edir, zərərsizləşdirir. Çünki Azərbaycan cəmiyyəti yuxarıda sadalanan müsbət məqamları – yenilikləri, islahatları və perspektivləri görəcək, dəyərləndirəcək idraka sahibdir. Hər halda faktlar ortada, reallıq isə aydındır. Necə deyərlər, əlavə sözə nə hacət, yaxud görünən kəndə bələdçi lazım deyil!

Visiontv.az