Mehriban Əliyevanın türk dünyasının yaşadığı bu faciəyə olan yanğısı və zərərçəkənlərə dəstəyi humanist dəyərlərin yüksək təntənəsidir
Mehriban Əliyevanın türk dünyasının yaşadığı bu faciəyə olan yanğısı və zərərçəkənlərə dəstəyi humanist dəyərlərin yüksək təntənəsidir
14.02.2023 Əkbər Qoşalı Tərəfindən

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 8 gün ötür. Zəlzələ aldığı canları aldı, ala bilmədiyi canları da yaxdı-yaraladı keçdi...

Azərbaycan Türkiyənin başına gələnləri öz canında, varlığında hiss edir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.

Bəli, Azərbaycan dövlətinin ali zirvəsi də, ən ucqar kənddəki ən sıravi vətəndaşımız da, dünya azərbaycanlıları da öz dəstəkləri ilə Türkiyəyə yardımın necə ləyaqət və şərəf hadisəsi olduğunu nümayiş etdirir. Bu planda, Qafqazın, yaxın coğrafiyanın ümumən dünyanın ən ciddi humanitar qurumlarından olan Heydər Əliyev Fondunun sistemli yardımları öz xüsusiliyi ilə seçilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı Fondun mütəşəkkil və təsirli addımları kədərimizin içindən qüvvətli təsəlli və qürur seli kimi keçir, yaxşı günlərə inam aşılayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, burada iki önəmli amil var: “birincisi, Mehriban xanımın tapşırığı bilavasitə icra olunur, zəlzələdən zərər görmüş qardaş-bacılarımız ilkin keyfiyyətli, zəruri yardım əldə edir, ikincisi, Mehriban xanımın şəxsi nüfuzu, xarizması onun çağırışının geniş yayılmasını, daha çox insanın təşviq olunmasını təmin edir”.

Şair-publisist deyib ki, bütün bunlar bir başqa planda da özəl səciyyə daşıyır. Mehriban xanım Əliyevanın timsalında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, ruhu bir, dostluğu vəfalı, qonşuluğu etibarlı və humanizmi bəşəri siqlətli Azərbaycan qadın aydınının obrazını görürük. Görürük ki, gözəl ənənələr, müvafiq irs yaşayır, inkişaf edir və Mehriban xanımın adı, əməlləri kimi xeyirxahlıq təcalla etdirir: “Bəli, biz Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsinə, vətəndaşlarımızın, dünya azərbaycanlılarının qardaş Türkiyə dövlətinin və xalqının yanında olmasına görə şadıq. Mehriban Əliyevanın bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısı, zəlzələdən zərər çəkənlərə dəstəyi humanist dəyərlərin yüksək təntənəsidir. Bu dəyər (dəyərləndirmə) Azərbaycan-Türkiyə doğmalığının altun səhifəsində öz yerini alacaqdır”.

Ə.Qoşalı bildirib ki, Türkiyəyə dəstəyin Azərbaycanda ümumxalq dərəcəsi Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığını, möhkəmliyini və əbədiliyini əyani şəkildə sübut edir.