Litvanın prezidenti Gitanas Nauseda sosial şəbəkədəki hesabında yazıb ki, hazırda Rusiyanın tərkibində olan "Kalininqrad" adlı vilayət onun ölkəsinin tarixi bir parçasıdır və bu ərazi heç vaxt rus torpağına çevrilməyəcək.
Sitat: "Kalininqrad bizim tarixi torpağımızdır. Kalininqrad vilayətində Litva mədəniyyəti qorunmalıdır, çünki bu bölgə tarixən Kiçik Litvanın bir hissəsi olub. Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq!".
Nauseda daha sonra litvalı şair Kristijonas Doneilatisin Kalininqrad vilayətində yerləşən muzeyinin adının dəyişdirilməsinin əleyhinə çıxıb.
"Sonra nə olacaq? "Kitab yandırılacaq?" – deyə Litva prezidenti soruşub.
Litva lideri bildirib ki, "bölgənin əsl sakinlərinin çoxdan yoxa çıxarılmasına baxmayaraq, Kiçik Litvanın oradakı irsini qoruyub saxlamaq lazımdır. Kiçik Litva Prussiyanın, sonralar Almaniyanın Şərqi Prussiya regionunun tarixi etnoqrafik bölgəsi olub, burada prussiya litvalıları yaşayıblar. Kiçik Litva müasir Kalininqrad vilayətinin ərazisində yerləşirdi. Karalyauçyus Kalininqradın Litva dilindəki adıdır".
Gitanas Nausedanın bu paylaşımını Vladimir Putinə ünvanlanmış tarix dərsi, mədəniyyət siyasəti dərsi də hesab etmək olar. Çünki əksər işğalçı xalqlar kimi ruslar da zorla ələ keçirdikləri ərazilərdə həm etnik təmizləməyə, həm də kultursidə (ərazisi işğal olunan xalqın maddi-mədəniyyət abidələrinin planlı şəkildə məhv edilməsinə) və ya toponimlərin, etnonimlərin dəyişdirilməsinə yol verir. Biz bunu öz təcrübəmizdən (ermənilərin 30 il davam edən işğal dönəmində ərazilərimizdə törətdikləri vandalizmdən) də yaxşı bilirik.
Litva prezidentinin sözügedən paylaşımı Rusiya tarixi və rus torpaqları məsələsini də gündəmə gətirir. Və eyni zamanda belə bir sual da yaranır: məgər Rusiyanın öz torpağı varmı?
Çünki hazırda ərazi cəhətdən dünyanın ən böyük ölkəsi sayılan Rusiyanın 17,098,246 kvadrat-kilometrlik ərazisinin əksər hissələri qeyri-rus xalqlara (xüsusən də türk xalqlarına) məxsusdur. Rusiya imperiyası son üç əsrdə müstəmləkəçilik siyasəti yürüdərək bir çox xalqların torpaqlarını ələ keçirib. Və o torpaqların sırasında bizim Dərbəndimiz də var.
P.S.
Ümid edək ki, nə vaxtsa Dərbəndi də yenidən Bütöv Azərbaycanımızın tərkibində görə biləcəyik.
Bəybala Mirzəyev
visiontv.az