İstər süni, istər təbii – zəka neytraldır, insan qərəzli! Bu yazıda tərəqqi ilə vəhşiliyin kəsişməsindən, texnologiyanın qaranlıq güzgüsündən danışmağa çalışacağam. Çünki gələcəyin silahı rəqəmsal texnologiyalar olsa da, barıt hələ də insanın içindədir.
Texnologiyanın inkişafı insanlıq tarixində böyük irəliləyişlərə səbəb olmaqla yanaşı, bir o qədər də qaranlıq səhifələrin yazılmasına şərait yaradıb. Bəşəriyyətin texnologiyaya münasibəti heç zaman tamamilə neytral olmayıb. İlk mexaniki qurğuların meydana çıxması da, daha sonra sənaye inqilablarının gətirdiyi irəliləyişlər də yalnız sülh və tərəqqi məqsədi daşımayıb. Əksinə, bu alətlər və sistemlər çox zaman insanın insana qarşı üstünlük qazanmaq istəyi ilə, hətta kütləvi qırğınlara yol açmaq məqsədilə istifadə olunub. Qılınc, ox, barıt, pulemyot, tank və nəhayət, atom bombası – bütün bu texnoloji nailiyyətlərin arxasında bəşəri dəyərlər yox, güc balansını dəyişmək arzusu dayanıb.
Müasir dövrdə texnoloji inkişaf süni intellektlə (Sİ) yeni bir mərhələyə qədəm qoyub. Süni intellektin imkanları təkcə gündəlik həyatın asanlaşdırılması ilə məhdudlaşmır. Bu texnologiya artıq hüquq-mühafizə orqanlarında, təhlükəsizlik strukturlarında və xüsusən də hərbi sənayedə geniş tətbiq olunur. 4-cü nəsil müharibələr və 5-ci nəsil silah anlayışları ilə süni intellektin sintezi, insanın insana qarşı daha soyuq və mexaniki yanaşmasının əsasını qoyur. Məsələn, avtonom döyüş dronları və ya üz tanıma sistemləri ilə hədəf seçimi – bunlar artıq yalnız filmlərin ssenarisi deyil, real hərbi strategiyalara çevrilib. Burada əsas sual ortaya çıxır: texnologiyanın özü təhlükəlidirmi, yoxsa onu formalaşdıran və istifadə edən insanmı?
Əslində texnologiyanın nə vicdanı var, nə də qərəzi. O, insan tərəfindən yaradılan və insanın niyyətindən asılı olaraq istifadə olunan bir vasitədir. Buradakı əsas məsuliyyət texnologiyanın özündə deyil, onu necə və hansı məqsədlə yönləndirən insan düşüncəsindədir. Süni intellektin insan hüquqları, etik prinsiplər və beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi bu səbəbdən həyati əhəmiyyət daşıyır. Əgər insanın insana münasibətində köklü dəyişikliklər baş verməzsə, istənilən texnoloji irəliləyiş – nə qədər yenilikçi və mütərəqqi olsa da – yenə də destruktiv gücə çevrilə bilər. Texnologiyanın neytral qalması, onun sülh və tərəqqiyə xidmət etməsi üçün bəşəriyyətin texniki inkişafla yanaşı, mənəvi təkamülü də qaçılmazdır.
AİKTSA sədri Elvin Abbasov
visiontv.az