Məni təbrik edirlər. Amma başlıqda mənim deyil, Azərbaycanımızın adı yazılıb.
Bəli, bu elmi forum sadəcə mənə aid deyil. Məncə daha geniş viziyona ehtiyac var: Bu gün Azərbaycan elmi-fəlsəfi fikrinin düşdüyü vəziyyətdən narahatlıq baş alıb gedir, hətta inamsızlıq, ümidsizlik əhvalı üstünlük təşkil edir. Belə bir şəraitdə xarici ölkələrdə Azərbaycan elmi-fəlsəfi fikrinə yüksək qiymət verilməsi, kiminsə şəxsi məsələsi deyil və ilk növbədə özümüzə güvənin bərpası üçün lazımdır.
Bu həm də "Türk Dünyasının" elmi-fəlsəfi müstəvidə də oluşmağa başladığının siqnalı, Türkiyə-Azərbaycan münasibətlərinin sadəcə hərbi əməkdaşllıq sahəsində, yaxud ədəbiyyat, musiqi sahələrində deyil, həm də elmi-fəlsəfi müstəvilərdə məhkəmlənməsinin daha bir göstəricidir.
Türk Dünyası -
Almaniyada, Kanadada, Türkiyədə bizi ləyaqətlə təmsil edən dünya şöhrətli alimimiz (AMEA-ya prezident axtaranaların nəzərinə) Prof. Dr. Məsud Əfəndiyev, Özbəkistan Fəlsəfə Cəmiyyətinin sədri Prof. Dr. Niqina Şermuhamedova, Qırğızıstanı təmsil edən professor Yıldız Urmanbetova,"Türk fəlsəfəsi" üzrə neçə-neçə kitab müəllifi Prof. Dr. Ləvənd Bayraqdar - Bayraqdarlarımız sadəcə müharibə səmasında deyil, fikir səmasında da keşik çəkir...
Və onlar sadəcə Səlahəddin Xəlilovdan deyil, Azərbaycan fəlsəfi fikrindən danışdılar. Həm də sadəcə Türk Cümhuriyyətləri deyil, milyonlarla türkün və Türk filosoflarının da yaşayıb-yaradığı Rusiya Federasiyasın təmsilçisi, məşhur filosof Prof.Dr. A.N. Çumakov da Türk fəlsəfi fikrinin bugünü və gələcəyi ilə bağlı inamını ifadə etdi.
P.S.
Gəlin, AMEA-da baş verən və təəssüf ki, tənəzzül görüntüsü yaradan hadisələrdən bir anlığa ayrılıb, diqqətimizi işıqlı məqamlara, elmimizin perspektivinə ümidlə baxmağa əsas verən hadisələrə yönəldək.
professor Səlahəddin Xəlil
Visiontv.az