İsrail qüvvələri Qəzza şəhərində "İslami Cihad"ın iki komandirinin öldürüldüyünü bildirib
21.07.2024

İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, qüvvələri Qəzzaya hava zərbələri endirən zaman “İslami Cihad”ın iki yüksək rütbəli komandirini öldürüb. İsrail Müdafiə Qüvvələri komandirlərdən birinin oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak etdiyini bildirib.

İsrail qüvvələri eləcə də Qəzzanın mərkəzinə hava zərbələri endirib, quru qoşunları isə tanklarla Qəzzanın cənubundakı Rəfah şəhərinə doğru irəliləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi cümə axşamı Qəzzanın cənubundakı döyüşlərin bütün səhiyyə ocaqlarını, o cümlədən Qırmızı Xaçın 60 çarpayılıq xəstəxanasını həyati təhlükəsi olan yaralı xəstələrə qulluq etmək baxımından demək olar ki, imkansız vəziyyətə saldığını bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qəzza nümayəndə heyətinin rəhbəri Uilyam Şomburq açıqlamasında "Daha bir kütləvi qırğın həkimlərimizi və tibb işçilərimizi son dərəcə çətin seçimlər etməyə məcbur edəcək" deyib.

"Mülki əhalinin hazırkı tibbi ehtiyacları xəstəxanalar dəfələrlə bağlanmağa məcbur edildiyindən, məhdud təchizat və səhiyyə reaksiyasını kəskin şəkildə üstələyir" - deyə, o bildirib.

HƏMAS militantlarının oktyabrın 7-də İsraillə müharibəyə səbəb olan terror hücumu zamanı 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın girovu əsir götürüb. İsrail hərbçilərin öldüyü dediyi 42 nəfər də daxil olmaqla, HƏMAS-ın hələ də 116 nəfəri girov saxladığına inanır.

Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin Qəzzaya qurudan və havadan hücumları 38 700-dən çox insanın ölümünə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən dörddə üçü didərgin düşüb və demək olar ki, bütün əhali aclıq təhlükəsi ilə üzləşir.

visiontv.az