İsrail ABŞ-nin İranla bağlı danışıqlarına pessimist yanaşır və güc ssenarisini təkid edir
15.04.2025

İsrail ABŞ Prezidenti Donald Trampın administrasiyasının İranla nüvə proqramı üzrə danışıqların uğursuzluğu halında məsələnin həlli üçün hərbi ssenarini düşünməsində israr edir.

“Axios” portalı mənbələrinə istinadən paylaşdığı məlumatlara əsasən, Ağ ev rəhbərinin xüsusi nümayəndəsi Stiven Uitkoff Omanın paytaxtı Məsqətdə İran rəsmiləri ilə danışıqların birinci raundunun nəticələri barədə İsrailin strateji planlaşdırma naziri Ron Dermerə məlumat verib.

“Axios”un yazdığına görə, İsrail İran nüvə proqramı üzrə saziş bağlanması ehtimalına “çox skeptik” yanaşır. Tehran öz növbəsində Vaşinqtonun 2018-ci ildə etdiyi kimi, yenidən proqramdan çıxa biləcəyi ilə bağlı narahatlığını ifadə edib.

Mənbələr bildiriblər ki, Uitkoff həmçinin danışıqların birinci mərhələsini Körfəz ölkələrinin rəsmiləri ilə müzakirə edib, İranın xarici işlər naziri Abbas Araqçi isə onların nəticələri barədə Qətər, Küveyt və Misirdəki həmkarlarına məlumat verib.

visiontv.az