İqtisadiyyat və zaman anlayışı - Elman Sadıqov
İqtisadiyyat və zaman anlayışı - Elman Sadıqov
28.06.2021 Elman Sadıqov Tərəfindən

İqtisadiyyata qeyri-səlis məntiq nəzəriyyəsi prizmasından baxdıqca bir çox maraqlı məsələlər kəşf edirsən. Bir çox qayğılar, məsələlər daha aydın görünür.

İqtisadiyyat - zaman və çağırışlar. Zaman dedikdə bu günü nəzərdə tuturam. Bu günü daha çox bu günün qayğıları və problemlərini həll etməyə sərf etmək, yoxsa bu günü bir neçə il sonranı təhlil edib, görərək yaranacaq problemlərin həllinə daha çox sərf etmək? Gələcəyin qayğılarını həll edərkən bu günün qayğılarının bir hissəsi də həll olur, amma..həm də qısamüddətli problemlər, narazılıqlar da yaranır. Burada isə əsas məsələ həmin problem və risklərin yumşaldılmasıdır. 

1) Uzunmüddətli qazanc – qısamüddətli itki; 2) uzunmüddətli itki - qısamüddətli qazanc; 3) uzunmüddətli itki – qısamüddətli itki; 4) uzunmüddətli qazanc – qısamüddətli qazanc.  4-cü variant idealdır, amma heç də həmişə mümkün deyil. Mümkün hala gətirmək mümkündür, ciddi cəhv və incə davranış tələb edir. Ən çox tətbiqi çalışılan 1-ci məsələdir. 2-ci variantdan adətən inkişaf etmiş ölkələrdə az istifadə olunur, bir çox hallarda bunu seçki öncəsi platformalara səs qazanmaq üçün daxil edir, lakin kosmetik olaraq dar çərçivədə tətbiq edirlər. 3-cü variant isə 3-cü dünya ölkələrinin, iqtisadiyyatları geri qalmış, yoxsul ölkələrin düşdükləri və ya düşürüldükləri tələlərdir. Bilərəkdən, ya bilməyərəkdən.  

Yazının əvvəlində qeyri-səlis məntiq nəzəriyyəsinin adını çəkdim. Yeri gəlmişkən, qeyri-səlis məntiq və iqtisadiyyatla bağlı bir haşiyə çıxım. Risklərin idarə edilməsində ən çox məşğul olduğum məsələlərdən biri ölçülə bilinməyənləri ölçülə bilən hala, ölçülə bilənə çevirməkdir. Görüləsi işlər çox olsa da, müəyyən konkret və zamanla özünü doğruldan nəticələr əldə olunub. Bu ideya qeyri-səlis məntiq nəzəriyyəsi ilə tanışlıqdan sonra gəldi. Qeyd edim ki, bu məsələ iqtisadiyyatda çoxdan mövcuddur. Məsələn, inam indeksi kimi indekslərin ölçülə bilənə çevrilməsi. Məhz bu məsələnin mexanizmi də mübahisə və müzakirə mövzudur. Lakin, tətbiq olunacaq süni-intellekt və bu amilin süni-intellektlə rəqəmsəlləşməsi daha dəqiq nəticələr verəcək. Çünki, burada ən böyük çətinlik rəyi soruşulanların səmimiyyəti və doğru danışması amilidir. Məhz bu problemi daha da təkmilləşdirilən yalan detektorundan istifadə ilə (rəyi soruşulanın xəbəri olmadan) müəyyən etmək və daha düzgün ölçmələrin aparılması mümkün olacaq.

2 dəfə yazdığım bir fikri bir daha təkrarlayıram. Heç bir elm xadimi inciməsin. İqtisadiyyat doğrudan da hər hansı bir elmdən daha üstündür. Riyazi, məntiqi, analitik, sosial, psixoloji, tarixi, qeyri-səlis məntiqə əsaslanan düşüncələri və onların simbiozunu ortaya qoymadan iqtisadiyyata yaxın olmaq çətindir. 

P.S. Bu fikirləri yazarkən 2012-ci ildə Azərbaycanın növbəti 10 ildə qarşılaşma ehtimalı yüksək olan su problemi ilə bağlı başladığım araşdırma oldu. O vaxtlar ən çox eşitdiyim sözlər: "indi bu məsələ aktual deyil", "10 ilə nə olacaq aydın deyil", "vaxtı gələndə düzələr", “bəlkə heç quraqlıq filan olmadı”, "şükür Allaha, ölkəmizin 2 böyük çayı var, təbiəti var. Heç nə olmaz" və sair fikirlər idi. 2021-ci il. Quraqlıq, suvarma və içməli su çatışmazlığı, günbəgün özünü daha çox büruzə edən iqlim dəyişikliyi ilə üzbəüz qalırıq. Məsələnin bu gün aktuallığını bir fakt daha qabarıq göstərir: "8 aya yaxın yağışlı günlər, həftələrdən sonra 1 ay yağıntının olmamas ciddi fəsadlar yaradır. 4-5 ay yağıntı olmasa necə olacaq?" Bu fikirlər tənqid məqsədilə deyil. Başqa bir aktual məsələni bu nümunənin timsalında diqqətə çatdırmaq üçündür. İqtisadiyyatda bir neçə il sonrakı dövrün problemlərini görüb onların həll yollarını müəyyən etmək daha önəmlidir. Bu həll yolları isə həm də bu günki dövrün problemlərini də həll etməyə kömək edə bilər. Bu iki amilin simbiozu isə uzunmüddətli qazanc – qısamüddətli qazanc variantıdır.

Visiontv.az