1990-cı illər... Mən “Aydınlıq” qəzetinə yazırdım. Mərhum Məmməd Nazimoğlu telefonda dedi ki, yazını bu gün nahara kimi gətirsən, birisi gün nömrəyə gedəcək. Həftəlik qəzetdi, tələsirdim, fürsəti əldın vermək istəmirdim...
26-larda (indi Sahil metrosu) hətta eskalatorda gözləmək istəmədim, qabağa keçdim. Kimsə daldan ayağımı qəsdən tapdaladı, ayaqqabının cırıltısı qulağımı “axtaladı”. "İtalyanski" idi, Moskvadan almışdım. Yeri gəlmişkən, mən 90-larda Rusiyada işləyirdim, Azərbaycanda xərcləyirdim.
Eskalatordan çıxdım, hərifi metronun çıxışında gözlədim, üzr istəməyini istəyirdim. Gombul, hühdür adamdı, qoltuğunda o vaxtlar gündəmdə olan kağız torba da vardı. Dedim, “Qardaş, sən mənim ayağımı tapdamısan, ayaqqabımı da cırmısan”. Dedi “Əcəb eləmişəm, oğraş, hara soxulursan, camaatı adam saymırsan?!"
Hərifin diqqətini yayındırmaq üçün üzünə tüpürdüm, çənəsinin altından sağ, sol - iki yumuruq vurdum. Adam səntirlədi, amma davam gətirdi. Bir də təkrar etdim, kötüyündən sınmış ağac kimi yerə sərildi. Əlindəki kağız torba cırıldı, içindəki siqaretlər yerə töküldü. Mən siqaret çəkən deyiləm, amma “Marlborro” qutularını tanıyıram. Onları qaldırdım, ayaqqabının əvəzi kimi pencəyimin cibinə qoydum. Hərif isə yerdən qalxmaq istəmirdi, doğrudur, bu, nokaut deyildi, sadəcə olaraq, sərf etmirdi...
“Aydınlıq” qəzetinin redaksiyası o vaxtlar Nizami kino-tearına bitişik binada yerləşirdi. Özümü vaxtında çatdırdım, yazını Baş redaktora verdim. Həmin gün mənim “Ədəbiyyat” qəzetində “Dağdan insanlığa marşrut” adlı hekayəm getmişdi. Qəzet Məmmədin stolunun üstündə idi. Allah rəhmət eləsin, qoltuğuma bir yox, “iki qarpız” verdi, yazımı xeyli təriflədi. Üstündən “100 il” keçib, amma sözləri indi də qulaqlarımdadır: “Maraqlı süjet qurmusan, təbiətin təsvirində isə, lap göylərə çıxmısan”. Mən tərif xoşlayan deyiləm, amma istedadlı adamdan eşidəndə, qulaqlarımı şəkləyirəm. Bundan sonra, “kişisən, tərifə layiq yazı yazma” deyirəm.
Nə isə, cibmdən “Marlboro” qutularını çıxardım, Məmmədə “rüşvət” verdim. 4 qutu idi, hamısı da “Amerikanski”. Məmməd mat qaldı, hətta matının dərəcəsinə uyğun, uzun bir fit çaldı... "Bunlardan İskəndər Həmidov çəkir” fikrini ortalığa atdı. Razılaşdım, “Minnətçi olmuşam, Boz Qurdun özündən almışam” dedim. “Nəyi olmasa da, mərdliyi var” dedi, “amma indi böyüyüb, bizim redaksiyaya gəlib-gedən, bizə qonaqlıq verən oğlan deyil”... Hiss edirdim, zarafatlıq ovqatı yox idi, yaman dilxor idi. Səbəbini soruşdum, bir az tərəddüd etdi... “Dərd də paylaşanda azalır” dedi...
“Deməli, səhər işə gəlirdim, aşağıda lifti gözləyirdim. Liftin arxasından səs-küy eşitdim. Pilləkanla qalxdım, səs gələn tərəfə baxdım. İki nəfər idilər, biri hündür, qıvraq, o bira bizi boyda, amma zorba. Mahal (mərhum jurnalist Mahal İsmayıloğlu – Q.A.) yerdə idi, norka papağı başından düşmüşdü, qara plaşı da (Hə, Rəsul Quliyevin aldığı həmin “Yaponski” plaş) toza bulaşmışdı. Mən Mahalın papağını yerdən götürdüm, qoçular özlərini itirdilər. Hündür, qıvraq olan üstümə gəldi. Amma zorba oğlan məni tanıdı, başı ilə salamladı. Mənim yerlim, ağdaşlı idi, qonşu kənddəndi, İskəndər Həmidovun Mühafizə xidmətində işləyirdi. Yerlim mənimlə əl verib görüşdü, həmkarının qolundan çəkdi, sakitcə çıxıb getdilər...”
Dedim “yaxşı, sonra nə oldu, Mahal nə dedi?!” Məmməd gülümsədi, “Mahal ayağa durdu, üst-başının tozunu çırpdı, papağını məndən aldı, başına qoydu. Dedi ki, sən bunların qanının arasına girdin, ayağa dursam, atalarını yandıracaqdım...”
Qalib ARİF
visiontv.az