İlham Əliyevin bu ilin yayında ABŞ-nin yeni Prezidenti haqqında dedikləri həm də proqnoz xarakterli idi
İlham Əliyevin bu ilin yayında ABŞ-nin yeni Prezidenti haqqında dedikləri həm də proqnoz xarakterli idi
08.11.2024 Sahib Alıyev Tərəfindən

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidentini ilk təbrik edənlərdən birinin də məhz Azərbaycan lideri olacağı öncədən bəlli idi. Cənab İlham Əliyevin Donald Trampın birinci dəfə dövlət başçısı olduğu dönəmdə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirildiyindən məmnunluq ifadə etməsindən də bu aydındır və o xoş sözlər ona görə orada əksini tapmayıb ki, təbrik məktubunun yazılış qaydası bunu tələb edir.

Xatırladım ki, yayda Şuşada verdiyi açıqlamada da o, Trampı dəstəklədiyini gizlətməmişdi. Bu il iyulun 14-də X sosial media hesabında paylaşdığı statusda isə cənab Prezident Donald Trampa qarşı sui-qəsdi “siyasi zorakılıq” adlandıraraq qətiyyətlə pisləmişdi. Yeri gəlmişkən, Azərbaycanın dövlət başçısının həmən statusda Trampdan keçmiş Prezident yox, ABŞ Prezidenti kimi bəhs etməsi qərbdəki bəzi çevrələri xeyli qıcıqlandırmışdı.

Belə görünür ki, cənab İlham Əliyevin bu ilin yayında ABŞ-nin yeni Prezidenti haqqında dedikləri və yazdıqları həm də proqnoz xarakterli imiş. Ona görə də ümid edirəm ki, dövlət başçımızın cənab Trampa təbrik məktubunda vurğulandığı kimi onun ikinci Prezidentliyi dönəmində ölkələrimiz arasında "münasibətlər möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq" və "milli maraqlar, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda" birgə səylər göstəriləcək.

Və əminəm ki, qarşı tərəf cənab Prezidentin "Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir" deyəndə nəyi nəzərdə tutduğunu da yaxşı anlayır.

Millət vəkili Sahib Alıyev

visiontv.az