II Şuşa Qlobal Media Forumu işə başlayır
20.07.2024

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək II Şuşa Qlobal Media Forumunun iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanında yerə enib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, qonaqlar buradan onlar üçün ayrılmış xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.

Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumun işində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.