Hikmət Hacıyevin İran səfəri: Və eyni vaxtda xortdayan “Meşə qardaşları” və “Azərbaycanlı Xomeyinçilər”
Hikmət Hacıyevin İran səfəri: Və eyni vaxtda xortdayan “Meşə qardaşları” və “Azərbaycanlı Xomeyinçilər”
05.02.2025 Şöhrət El-Dəniz Tərəfindən

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və orda prezident Pezeşkian başda olmaqla bir sıra rəsmi şəxslərə görüş keçirməsi həftənin müzakirə olunan mövzusu oldu. Bu barədə fərqli şərhlərə, statuslara rast gəldim. Bu səfəri bəzi şəxslər Azərbaycanın İran qarşısından geri çəkilməsi kimi yozdu, bəziləri iki dövlət arasında münasibətlər düzəlir kimi şərh etdi, bəziləri hətta bu səfəri Güney Azərbaycana xəyanət kimi təqdim etməyə çalışıd. Yəni Hikmət Hacıyevin səfəri fərqli konteksdə şərh edildi. Mənim də bu səfər barədə fikrim var. Deyəcəyəm. Həm də deyilənlərə şərh verəcəm. Amma əvvəlcə qısa da olsa bu bu barədə sosial mediada status yazmışdım, onu diqqətinizə çatdırmaq istəyirəm.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri barədə fərqli şərhlərə rast gəldim. O cümlədən Tehranın anti-Azərbaycan telekanalı olan Səhər Azəri-də bu səfər barəsində molla mövqeyindən çıxış edərək, Prezident köməkcisinin Tehrana guya imdad diləməyə getdiyini dedi. Bizim bəzi mollabaş yazarlar və şərhçilər də Hikmət Hacıyevin səfərini yumşaq desəm təqibən "Azərbaycanın İrana işi düşüb" kontekstində şərh edirlər. Mənim fikrimcə isə Hikmət Hacıyev Tehrana, mollaları türklər demişkən uyarmağa, yəni xəbərdarlıq etmək üçün getmişdi. Hikmət Hacıyevin Pezeşkian tərəfindən qəbul olunması isə o demək idi ki, Prezidentin köməkcisi İlham Əliyevin xəbərdarlıq mesajını bir başa İran prezidentinin özünə çatdırdı. Mesaj isə o idi ki, mühafizəkar, radikal, Azərbaycana qarşı düşmən mövqedə olan mollalarla, SEPAH kimi terrora dəstək verən güclərlə yolu davam etsəniz ilk yanan elə siz özünüz olacaqsınız. Ağlınızı başınıza yığıb bu radikal təfəkkürü kənara qoyun və regionda Zəngəzur dəhlizi də daxil digər transmilli layihələrə mane olmayın. O cümlədən fikir verirsinizsə, Hikmət Hacıyev İranda yalnız şərti adı islahatçı olan rəsmilərlə görüş keçirdi. Sual odur ki, Azərbaycanla münasibəti yumşaltmağa islahatçıların gücü çatacaqmı? Təbii ki, yox. İranda prezident Pezeşkian başda olmaqla islahatçıların gücü Xameneinin, Amuli kimi əyalət mollalarından daha zəifdir. Təqribən bu cür bir status yazmışdım. Və həmən Tehrana bağlı trollar guya Güney Azərbaycan təəsübü çəkmək adı altında töküldülər üstümə ki, yox Hikmət Hacıyevin İrana səfəri xəyanətdir, arxadan vurulan zərbədir və sair nağıllar. Mən də elə bu fikirdən başlamaq istəyirəm. 
Birincisi. İran hələ dövlət kimi yer üzündən silinməyib. Və hələ də Azərbaycan Respublikasının qonşusudur. İstədik, istəmədik iqtisadi, sosial, siyasi, milli və tarixi köklər bizi əməkdaşlıq etməyə vadar edir. İran deyilən coğrafiyada 40 milyon azərbaycanlı və digər türklərin yaşadığını unutmayın. Bu əməkdaşlıq olmasa biz Güneydə yaşayan soydaşlarımızdan necə xəbər tuta bilərik? Gördüyünüz kimi Tehranda səfirliyimizə hücum olanda qapıları bağlayıb o şeytan yuvasından daşındıq Təbriz konsuluğumuza. Öz soydaşlarımızın yanına ki, bizə, konsulluğumuza sahib çıxacaqlar. Çıxdılarda. İndi bəzi ağzı göyçəklər deyir ki, ümumiyyətlə əməkdaşlıq olmamalıdır və ora kim gedirsə Güneyə xəyanət edir. Elə deyil. İranda Güney azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün, onların problemlərini dilə gətirmək üçün, get-gəl təşkil etmək, əlaqələr yaratmaq naminə bu cür səfərlər vacibdir. Amma bu cür səfərləri şişirdib Güney Azərbaycana xəyanət kimi təqdim etmək isə əslində elə Tehran rejiminin əlinə oynamaq deməkdir. Fars-molla rejiminin məqsədi də odur ki, bu cür hadisələrdən istifadə edərək Güney və Qüzey Azərbaycan arasında mübahisə, fikir ayrılığı yaratsın, bununlada Azərbaycan-türk millətini əsas hədəfdən yayındırsın. Buna görə molla trollarının apardığı dırnaqarası vətənpərvərlik oyununa inanmayın. Azərbaycan Prezidenti başda olmaqla hələ heç bir Qüzeyli Güney azərbaycanlıların hüquqlarının təmin olunması barədə İrana qarşı dediyi sərt fikirlərdən imtina etməyib. Və edilməycəkdə. İran-Ermənistan müttəfqiliyini, müharibə vaxtı mollaların ermənilərə silah və yanacaq yardımı etməsini biz unutmamışıq və unutmayacağıq. Heç kim Tehranda Azərbaycan səfirliyinə edilən hücumu, şəhid edilən vətəndaşımızı unutmayıb və unutmayacaq. Heç kim SEPAH-ın Azərbaycanla sərhəddə təlim keçib, bizə hədə qorxu gəldiyini unutmur və unutmayacaq. Heç birimiz Tehranın Azərbaycanda terror törətmək üçün yaratdığı Hüseyniyyun təşkilatının fəaliyyətini unutmur və unutmayacaq. Hər birimiz molla rejiminin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna düşmən kəsildiyini bilir və bunu unutmur. Ona görə də Azərbaycan dövləti öz tədbirlərini və Güney Azərbaycana yönəlik siyasətini bu konteksdə aparır. Və yenə deyirəm Azərbaycan rəsmilərinin İrana səfərini Güney Azərbaycana xəyanət kimi təqdim etmək Tehran rejiminə dəstək olmaq fikrini ortaya qoyur. Bu cür məsələlərə dövlət ağlı ilə baxmaq lazımdır. Trolların ağlı ilə yox. 
Bu məsələdə digər bir nüans da var. Tehran rejimi həmişə Azərbaycan - İran münasibətlərində bu cür gediş-gəliş xarakterli münasibətlər olanda dərhal ciddi təxribata əl atır. Həmişə bu cür olub. İndi də istisna deyil. Hansısa yüksək rütbəli Azərbaycan məmuru bu ölkəyə səfər edəndən dərhal sonra mollalar elə bir hoqqa çıxardırlar ki, nəyin ki xoş məramlı səfər, ümumiyyətlə əməkdaşlıq barədə danışmaq belə dalana dirənir. Ona görə mollaların Hikmət Hacıyevin səfərindən sonra hansısa bir hoqqanın çıxartmayacağına heç kim qarantiya etmir. Əslində artıq çıxardıb belə. Hüseyniyyun terror qruplaşamasının iflasa uğramasından sonra gündəmə Azərbaycanlı Xomeyinçilər deyilən bir fikir atıblar. Çox maraqlıdır ki, bu fikir Azərbaycanın şimal bölgəsində terror aktı törətməyə hazırlaşan radikal dini terror qruplaşması olan Meşə Qardaşlarının aktivləşməsi ilə eyni vaxta düşüb. Düzdür Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Meşə qardaşları deyilən terror qrupunu məhv etdikdən sonra şimaldan ümidlə baxanların arzusunu puç elədi. O cümlədən dediyim kimi Prezidentin köməkcisi Hikmət Hacıyevin İran səfərindən qayıtdıqdan dərhal sonra Tehranın əsas ruporu olan Səhər Azəri telekanalında Azərbaycanlı Xomeyinçilər adlı veriliş verməklə vaxtilə və hazırda Azərbaycanda vətənə xəyanətdə həbsdə olan şəxsləri qəhrəman kimi təqdim etmələri heç şübhəsiz ki, cənubdan gələn növbəti təxribatın elementləridir.  
Gördüyünüz kimi həm şimaldan, həm də cənubdan Azərbaycana qarşı təxribatlar sinxrondur. Sanki bir mərkəzdən idarə olunur. Hədəfdə isə konkret Azərbaycan dövləti və millətidir. Bizim bəzi başı boşlar da deyir ki, yox ey Azərbaycan Güneyə xəyanət etdi, nə bilim İranla qardaşlaşdı və sair hədyanlar. Sözüm Güney Azərbaycan milli fəallarınadır. Tehran rejiminin millətçi, vətənpərvər maskası, niqabı geyinmiş trollarına inanmayın. Azərbaycan və Türkiyə Güneyə xəyanət edə bilməz. Çünki etsə, deməli özü özünə xəyanət etmiş olar.

Şöhrət El-Dəniz

visiontv.az
 



Gündəlik

slide 7 to 10 of 8