Güney azərbaycanlı ana: Rejim oğlumun adını “Elman” əvəzinə “Əlman” kimi qeyd edib
09.04.2025

Güney Azərbaycanlı ana Əhər qeydiyyat şöbəsini oğlunun adını “Elman” əvəzinə “Əlman” kimi qeyd etdiyinə görə tənqid edərək, “Həqiqətən təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur” deyib.

Bu barədə uşağın anası Xanım Haniyə Balamın Adı kampaniyasına danışıb.

"Hamiləliyim zamanı yoldaşımla Təbrizə getdiyim səfərdə bu şəhərdə Elman adlı böyük bir kompleksin adı diqqətimizi çəkdi. Elman adı bizə çox melodiyalı və mənalı gəldi, ona görə də uşağımız üçün bu adı seçmək qərarına gəldik. Sonradan öyrəndik ki, Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsi eyni səsli türk adlarına doğum haqqında şəhadətnamə verilməsinə mane olur. 2025-ci il fevral 28-də, oğlumuz dünyaya gələndə həyat yoldaşım doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə getdi. Bir neçə saatdan sonra zəng edib dedi ki, məmurlar Elmanın adını doğum şəhadətnaməsinə Əlman olaraq qeyd ediblər. Biz bu iki adın fərqli məna daşımasına nə qədər etiraz etsək də, onlar etirazlarımıza məhəl qoymadılar. Əvvəlcə sistemin həmzə işarəsini qəbul etməyəcəyini dedilər, sonra da dedilər ki, 18 yaşı tamam olandan sonra şəxsiyyət vəsiqəsini dəyişib, istədiyi adda sənəd ala bilər. İndi biz kənar şəxslərin oğlumuza Alman deyib lağ etmələrindən narahatıq. Həqiqətən çox təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur." - deyə Xanım Haniyə bildirib.

Qeyd edək ki, Vətəndaşlıq Qeydiyyatı Təşkilatının ad sistemində Elman, Eldar, Elana və Sevgi kimi həmzəli türk adları "seçilməz" olaraq göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilmir, ancaq Faizə, Faiqə və Maidə kimi türkcə olmayan adlara isə doğum şəhadətnaməsi heç bir problemsiz verilir.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8