Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Yol xəritəsi
26.01.2026

Hər bir milli-siyasi mübarizənin ən həlledici mərhələsi lider axtarışı deyil, mübarizənin doğru, əsaslı və strateji istiqamətinin müəyyən edilməsidir. Tarix açıq şəkildə sübut edir ki, istiqaməti yanlış seçilmiş hərəkatlar nə qədər səmimi və fədakar olsalar da, sonda ya mövcud sistem tərəfindən udulmuş, ya da daxili ziddiyyətlər içində parçalanmışdır.

Güney Azərbaycan Milli Azadlıq Hərəkatı üçün də əsas məsələ fərdi fiqurlar üzərindən siyasət qurmaq deyil, milləti siyasi subyektə çevirən milli yol xəritəsini formalaşdırmaqdır.

Əgər hər hansı bir şəxs və ya siyasi-elitar təbəqə artıq ideoloji olaraq fars mərkəzli İrançılığa inteqrasiya olunubsa, ondan türk dövlətçilik şüuru və milli iradə gözləmək siyasi baxımdan realist yanaşma deyil, strateji xətadır. Belə fiqurlar milli azadlıq mübarizəsinin daşıyıcısı ola bilməz; onlar ən yaxşı halda fars mərkəzli dövlət mexanizminin ömrünü uzadan funksional alətlərdir.

O zamana qədər ki, bəzi çevrələr başqa dövlətlərin maraqları naminə Güney Azərbaycan milli mübarizəsinin əsas prinsiplərinə-millətimizin öz siyasi təşkilatlanmasına,

Azərbaycan dövlətçiliyi əsasında milli-ideoloji açıq xəttə, və öz müqəddəratını təyinetmə hüququnun dövlət təmsilçiliyi ilə təmin olunmasına biganə yanaşırlar, deməli onlar əslində böyük və güclü Azərbaycan dövlətinin modern çağda və yenidən formalaşan dünya düzənində öz layiqli yerini tutmasını istəmirlər.

Bu çevrələr hələ də köhnə nostaljilər üzərində iflasa uğramış imperiya təfəkkürü ilə siyasət qurmağa çalışır, milli maraqları deyil, öz maddi mənafelərini və bəzi xarici güclərin çıxarlarını müdafiə edirlər.

Bu yanaşma isə Güney Azərbaycanın milli azadlıq strategiyasına və milli yol xəritəsinə daban-dabana ziddir.

Güney Azərbaycanın gələcəyi fars mərkəzli İran sisteminin daxilində deyil, Azərbaycan Türk millətinin öz siyasi iradəsinə, güclü milli təşkilatlanmasına və Azərbaycan dövlətçiliyi əsasında formalaşacaq milli dövlət perspektivinə bağlıdır.

Politoloq Sadiq İsabəyli

visiontv.az