Görüş niyə ertələndi?- Kılıçdaroğlunun PKK-ya yaxınlığı ilə tanınan HDP ilə görüşü təxirə salındı
Görüş niyə ertələndi?- Kılıçdaroğlunun PKK-ya yaxınlığı ilə tanınan HDP ilə görüşü təxirə salındı
18.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Türkiyənin müxalifət bloku olan "Millət İttifaqı"nın və yaxud, "Altılı masa"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun PKK-ya yaxınlığı ilə tanınan Xalqların Demokratik Partiyası (HDP) ilə seçki müzakirəsi üçün şənbə gününə (martın 18-i) nəzərdə tutulan görüşünün təxirə salınmasına da ilk növbədə bu yöndən yanaşmalıyıq.

Başqa sözlə, biz buna ilahi təqdir də deyə bilərik. Çünki bu görüşün əleyhinə olanlar həddindən artıq çox idi.

Görüşün təxirə salınmasının real səbəbləri hələ ki, tam bəlli deyil. Lakin Kılıçdaroğlunun HDP ziyarətinin təxirə salınma səbəbinin nə olmasından asılı olmayaraq bu xəbər CHP-nin HDP-dən uzaq durmasını istəyən milli qüvvələrin içini bir xeyli rahatlatdı.

Yeri gəlmişkən, ziyarət təklifi HDP-dən gəlmişdi, ziyarətin ertələnməsi qərarı da HDP-nin öz qərarıdır. Məhz bu səbəbə görədir ki, Kılıçdaroğlu da sözügedən görüşün nədən ertələnməsinin səbəbini soruşan media mənsublarına "bunu ev sahibindən soruşun", deyə yanıt verib.

K.Kılıçdaroğlunun namizədliyi açıqlanarkən HDP onu təbrik etmiş və qarşıdakı seçkilər ilə bağlı müzakirələr üçün partiya qərargahına dəvət etmişdi. Kılıçdaroğlu da təklifi qəbul etmiş və görüşün 18 martda baş tutacağı elan edilmişdi. Lakin bu xəbər Türkiyə cəmiyyətində ciddi təpki ilə qarşılanmışdı.

Əslində Türkiyə iqtidarı da, müxalifəti də HDP-na münasibətdə eyni mövqedən çıxış etməli, terror təşkilatına rəğbətini gizlətməyən bu partiya ilə hər hansı əməkdaşlıqdan çəkinməlidir.

Ümumiyyətlə, HDP nə Ərdoğan üçün, nədəki Kılıçdaroğlu üçün vazkeçilməz siyasi qüvvə halına gəlməməlidir.

Bu arada Kamal Kılıçdaroğlunun NATO və Rusiya ilə bağlı mövqeyini müsbət qiymətləndirmək olar. Belə ki, Kılçdaroğlu prezident seçkisində qalib gələcəyi təqdirdə Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, lakin eyni zamanda Rusiyaya Türkiyənin NATO üzvü olduğunu xatırladacağını bəyan edib. Bu da o deməkdir ki, NATO üzvlüyü Ərdoğan dönəmində olduğu kimi Kılıçdaroğlu dönəmində də Türkiyə üçün öncəliyini qoruyub saxlayacaq. Deməli, Putinin Türkiyəni KTMT və Avrasiya İttifaqı sıralarında görmək planları yenə də xülya olaraq qalacaq.

Liderlər dəyişə bilər, iqtidarlar bir-birini əvəz edə bilər, amma dövlətin daxili və xarici siyasətindəki təməl prinsiplər dəyişməz olaraq davam etdirilməlidir. Türkiyənin siyasi elitalarının dövlətçilik anlayışı həmişə bu ana xəttə söykənib. Türkiyə məhz bu təmələ söykəndiyinə görə ayaqda qalmağı, gücünü qorumağı bacarır. Ümid edək ki, bu xətt bundan sonra da dəyişməz olaraq yürüdüləcək.

Bəybala Mirzəyev

visiontv.az