Gəncədə avtoxuliqanlıq edən şəxs tutulub
04.08.2021

Gəncə Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Visiontv.az-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Mirmöhsüm Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Onun barəsində inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə M.Abdullayev bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat məbləğində cərimələnib.

Binnət İsmayılov