Fokusda Kazan: XVI BRICS Sammiti nə vəd edir
23.10.2024

Bu gün Kazanda XVI BRICS sammiti öz işinə başladı. Bu tədbir, Rusiya üçün son dövrlərin ən mühüm diplomatik hadisələrindən biri olmaqla yanaşı, qlobal çoxmərkəzli sistemin inkişafı və regional münaqişələrin həlli ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq platformadır.

Rusiyanın müasir tarixində bu, xarici yüksək səviyyəli qonaqların sayına görə ən iri miqyaslı tədbirdir. Tədbirə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin baş katibi Antoniu Quterreş qatılacaq.

Kazandakı BRICS sammiti əsas mövzusu "ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi"dir. Bu prinsip qlobal problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsini əks etdirir. Sammit çərçivəsində üzv ölkələr, o cümlədən Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika, iqtisadi əməkdaşlığı və qlobal problemləri müzakirə edəcəklər.

Bu sammitin əsas məqamlarından biri BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Əlavə olaraq, sammitdə regional münaqişələr, xüsusilə Yaxın Şərq və Ukrayna məsələləri də diqqət mərkəzində olacaq. BRICS ölkələri bu münaqişələrin həlli yollarını müzakirə etməklə qlobal sabitliyə nail olmağa çalışırlar.

Kazanda keçirilən sammit, Rusiyanın beynəlxalq arenadakı nüfuzunu möhkəmləndirmək baxımından əhəmiyyətlidir. Sammitin miqyası və iştirakçı ölkələrin sayı Rusiyanın beynəlxalq arenada təcrid olunmadığını, əksinə, onun qlobal səviyyədə tərəfdaşlığını genişləndirdiyini göstərir. Bu, Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu təsdiq edir və Moskvanın çoxqütblü dünya nizamının qurulmasında mühüm rol oynadığını vurğulayır.

Sammit çərçivəsində BRICS ölkələri ilə yanaşı, "BRICS+" və "Outreach" formatlarında bir sıra digər ölkələr də iştirak edir. Bu ölkələrdən biri Azərbaycandır, biz artıq BRICS-in gələcək üzvü olmaq istəyimizi ifadə etmişik. Bu fakt, BRICS-in qlobal təsir dairəsinin genişləndiyini və onun çoxmillətli və mədəni dialoq platforması kimi əhəmiyyətini artırdığını göstərir.

Sammitin diqqət mərkəzində olan əsas mövzulardan biri BRICS-in yeni üzvləri qəbul etmək üçün prosedurların hazırlanmasıdır. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Qeyd olunub ki, yeni üzvlər üçün "partnyor- dövlət" statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha geniş miqyaslı təşkilat olmasına imkan verəcək.

Sammitin vacib mövzularından biri Yaxın Şərqdəki vəziyyətdir. İran, Türkiyə, Misir və digər ölkələrin iştirak etdiyi müzakirələrdə, xüsusilə Fələstin və İsrail arasındakı münaqişələr, Qəzza müharibəsi, İran və İsrail arasında davam edən qarşıdurmalar müzakirə mövzusu olacaq. BRICS-in bu münaqişələrə diplomatik vasitələrlə həll yolları axtarması qlobal təhlükəsizliyin təmin edilməsi üçün əsas rolu ilə bağlı fikir mübadilələri həyata keçiriləcək.

Kazanda keçirilən BRICS sammiti, qlobal səviyyədə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına yönəlmiş mühüm diplomatik tədbirdir. Sammitin nəticələri Kazan deklarasiyası ilə rəsmiləşdiriləcək və bu sənəd, BRICS ölkələrinin gələcək inkişaf yolunu müəyyən edəcək.

Siyasi şərhçi Aqil Məmmədov

visiontv.az