Fars-mərkəzçi “keçid” planları və qeyri-fars millətlərin gələcəyi
26.01.2026

Son yüz ilin siyasi təcrübəsi göstərir ki, İran adlanan ölkədəki əsas problem təkcə mövcud rejimin məzhəbçi-ideoloji mahiyyəti ilə bağlı deyil və onun daha dərin və struktur xarakter daşıyan problemi faşizmə söykənən fars-mərkəzçi “dövlət” modelidir.

Bu model əsasında qurulmuş fars-molla rejimi, Pəhləvi dövründə olduğu kimi, son 47 il ərzində qeyri-fars millətlərini milli, mədəni, siyasi və iqtisadi ayrı-seçkilik siyasəti ilə idarə etməyə çalışıb.

Eyni zamanda, farçılıq əsasında fəaliyyət göstərən müxtəlif siyasi cərəyanlar da bu yanaşmaya bağlı qalaraq bu rejimlə müxalifətdə olsalar belə onu fərqli ad və formalarda davam etdirməyə səy göstərmişlər.

Bu baxımdan, yalnız bu rejimin dini və ideoloji mahiyyəti ilə məhdudlaşan yanaşmalarla iran adlanan ölkədəki mövcud problemləri tam izah etmək mümkün deyil. Çünki problemlər, əslində, fars-mərkəzçi hegemonluğun tarixi və struktur xarakteri ilə bir başa bağlıdır.

Bəlkə bəziləri düşünür ki, farsçı cəryanların siyasi baxışları bir-birinə çox ziddir. Amma hər şey göründüyü kimi deyil və demək olar ki, bütün fars-mərkəzli qruplar istər monarxist, istər respublikaçı, istərsə də “sekulyar demokrat” adlandırılan siyasi cəryanların hamısı totalitar siyasi cərəyanlardı və mahiyyət etibarilə hamısı oxşar ideoloji çərçivəyə malikdirlər. Onlar qeyri-fars millətləri siyasi tərəf kimi tanımır və israrla tələb edirlər ki, qeyri-fars millətlər yalnız mərkəzə tabe olan kütlə kimi hərəkət etsin, onların hazırladığı planlara sorğusuz qoşulsun. Bu kontekstdə “İran” anlayışı fars kimliyi əsasında formalaşdırılmış milli kimlik ideyası kimi təqdim edilir və qeyri-fars millətlərdən bu saxta kimliyin hökmranlığına uyğunlaşaraq tabe olmaları tələb olunur. Beləliklə, fars-mərkəzçi ideologiya qeyri-fars millətlərin müstəqil siyasi iradəsini sistemli şəkildə inkar edir.

Bu siyasi cərəyanların “birlik” anlayışı da mahiyyət etibarilə məcburi və asimmetrik xarakter daşıyır. Burada söhbət millətlərin bərabər hüquqlarına əsaslanan siyasi birlikdən deyil, farsçılığı gücləndirən və onun hegemonluğuna legitimlik verən zorla yaradılmış birlikdən gedir. Bu yanaşma keçmiş Yuqoslaviya təcrübəsi ilə ciddi oxşarlıq təşkil edir. Orada da formal federativ quruluş mövcud olsa da, real siyasi güc müəyyən bir etnik qrupun əlində cəmlənmişdi. Tarixi təcrübə göstərdi ki, hüquqi formalar real güc bölgüsü ilə müşayiət olunmadıqda, mərkəzçi hegemonluğun və faşizmə meyilli siyasi modelin qarşısını almaq mümkün olmur.

Bu kontekstdə fars-mərkəzçi siyasi cərəyanların İran adlanan fars-molla rejimindən sonrakı dövr üçün irəli sürdüyü “keçid” planları yuxarıdan aşağıya dizayn olunmuş və reallıqdan uzaqdır.

Bu planlarda qeyri-fars millətlərinə verilmiş rol yalnız mövcud rejimi qanı bahasına devirmək, fars-mərkəzli cərəyanlara siyasi legitimlik vermək və onların hazırladığı “keçid” ssenarilərinə sorğusuz qoşulmaqdan ibarətdir. Bu çərçivədən kənara çıxan hər bir milli və siyasi tələb dərhal “bölücülük” və ya “birliyə qarşı çıxmaq” kimi damğalanır. Beləliklə, bu yanaşma qeyri-fars millətlərin siyasi subyektliyini sistemli şəkildə istisna edir.

Bununla yanaşı, fars-mərkəzçi cərəyanlar öz mövqelərini guya siyasi savad, təşkilati üstünlük, mədəni və dil baxımından yersiz iddiaları ilə əsaslandırmağa çalışırlar. Lakin tarixi təcrübə göstərir ki, bu iddiaların real əsası yoxdur. Əksinə, bu qruplar siyasi hegemonluqlarını əsasən qeyri-fars millətlərin milli sərvətləri və insani resursları üzərində qurmuş, onu qorumaq üçün farsçılığa əsaslanan basqı siyasətinə söykənmişlər.

Onlar yaxşı bilir ki, onların iddia etdiyi hegemonluq heç vaxt könüllü razılaşma yolu ilə formalaşmamış və formalaşmasına imkan belə tanınmamışdır.

Bu səbəbdən qeyri-fars millətlər fars-mərkəzçi siyasi cərəyanların saxta “keçid” planlarına ümid bağlamamalı və gələcəklərini bu ssenarilər üzərində qurmamalıdır. Çox təəssüf, bəzi şəxslər milli fəal adı altında irançılığı bayraq edərək fars-mərkəzçi hegemonluğu yenidən bərpa etməyə çalışır və səfsətə yolu ilə öz mənasız təbliğatlarına bəraət qazandırır. Bütün bunlara baxmayaraq artıq aydındır ki, qeyri-fars millətlərin maraqlarını və iradəsini nəzərə almayan heç bir “keçid” modeli real və davamlı ola bilməz.

Bu baxımdan, qeyri-fars millətləri tarixi və siyasi təcrübələrdən yola çıxaraq açıq şəkildə “İran” çərçivəsində formalaşdırılan heç bir siyasi quruluş modelini dəstəklənməməlidir.

Çünki bu çərçivə daxilində irəli sürülən bütün modellər, adından və formasından asılı olmayaraq, fars-mərkəzçi hegemonluğun davamını təmin etməyə xidmət edir və bütün faktlar göstərir ki, farsçılığa əsaslanan istəlinən strukturun daxilində bərabərlik, ədalət və demokratik iştirak mümkün olmayacaq.

Məhz buna görə də həmin coğrafiyada yaşayan bütün qeyri-fars millətlər öz milli müqəddəratını müəyyənləşdirmək istiqamətində, yeni çağın tələblərinə uyğun demokratik-siyasi model ortaya qoymalıdırlar.

Bu model hər bir millətin tarixi varlığına, milli kimliyinə və coğrafi sərhədlərinə əsaslanmalı və millətlərin azad milli iradəsini ifadə etməlidi. Yalnız bu yanaşma tarixi ədalətsizliklərin aradan qaldırılmasına, milli haqların bərpasına və uzunmüddətli siyasi sabitliyə real zəmin yarada bilər.

Savalan Araşdırmalar Mərkəzi Sadiq İsabəyli

visiontv.az