Əyri “ayna”larla kimsə xalqımızı, dövlətimizi haqq yolundan, milli hədəflərdən yayındıra bilməz
Əyri “ayna”larla kimsə xalqımızı, dövlətimizi haqq yolundan, milli hədəflərdən yayındıra bilməz
10.01.2024 Elçin Mirzəbəyli Tərəfindən

“Yaxşı, pis və zalım”... İtaliyalı rejissor Serjo Leonenin ABŞ-da vətəndaş müharibəsi illərində cərəyan edən hadisələrdən bəhs edən filminin adı, yəqin ki, coxlarınıza tanışdır. Əslində filmdə yer alan əksər məqamlar Amerika cəmiyyətinin toplumsal düşüncə tərzinin və ABŞ adlı dövlətin siyasətinin formalaşması prosesinin mahiyyətini və hətta bugünkü reallıqlarını belə özünəməxsus cizgilər və nüanslarla əks etdirir.

Yalnız bir istisna ilə - müasir ABŞ siyasətinin siyasi ssenarilərində və onun həyata keçirilən səhnələrində “Yaxşı” obrazı və “yaxşılıq” anlayışı yoxdur. Şərqdən Qərbə, Cənubdan Şimala – Birləşmiş Ştatların adının keçdiyi və əməlinin işlədiyi hər yerdə pislik və zalımlıq var. Amma on milyonlarla insanın həyatını cəhənnəmə çevirən, neosəlib müharibələri və münaqişələrinin, dini konfessiyalar və millətlərarası təfriqəçiliyin ön cərgəsində dayanan bu Pis və Zalım, bütün dövrlərin özünəbənzər analoqlarından fərqli olaraq, amansız, antibəşəri, qəttar, nifrət üzrərində köklənmiş siyasətini bütün dünyaya “yaxşılıq” adı altında sırımağa çalışır və təəssüf ki, nəzarətində olan qlobal informasiya resurslarından istifadə etməklə, bir çox hallarda belə bir görüntünün yaradılmasına nail ola bilir. Öz qanlı, çirkin məqsədlərini başqalarının adına çıxır, geosiyasi pis və zalım əməllərinin icrası üçün xüsusi xidmət orqanlarının, onların təlimatlarını icra edən çoxsaylı “beynəlxalq” fond və təşkilatların dünyanın müxtəlif ölkələrində formalaşdırdıqları və “dini azlıq” donu geyindirdikləri təpəgöz qruplarının təfriqəçi, bölücü əməllərinə hərtərəfli dəstək verməklə yüzminlərin məhvinə, on milyonların öz ev-eşiyindən didərgin düşməsinə, ac-yalavac qalmasına zəmin yaradır. Əvvəl xalqları, dövlətləri çarəsiz duruma salır, sərvətlərini talan edir və sonra isə bu sərvətlərin talan edilməsindən qazandıqlarının cüzi bir hissəsini onlara “dilənçi payı” kimi – “humanitar yardım” adı altında geriyə dövr etməklə “yaxşılığın”, “humanizmin” simvolu olduğunu görüntüləməyə çalışır. Əfqan xalqına onillərlə ümid verib, sonra bu ölkədən qorxaq kimi sivişib qaçır və bütöv bir xalqın taleyini “soyuq müharibə” illərində özünün yaratdığı, himayə etdiyi “qaranlığa” təslim edir. İraqı, Suriyanı, Liviyanı, Yəməni öz pislik və zalımlıq ortaqlarıyla birlikdə cəhənnəmə çevirir, dünya mədəniyyətinin nadir inciləri sayılan tarixi, mədəni və dini abidələrin məhvinə, şəhərlərin, qəsəbələrin, kəndlərin Yer üzündən silinməsinə bais olur, daha sonra isə insan hüquq və azadlıqlarından, sülhdən, ədalətdən, demokratiyadan dəm vurur. Bölür, parçalayır, sonra isə bölüb parçaladıqlarının arasında vasitəçilik edir... Birləşmiş Ştatların yaşanmaz hala gətirdiyi ölkələrin siyahısı, əslində bu ölkələrdə törədilən amansız cinayətlərin, məhz neosəlibçi siyasətin ən qəddar nümunəsi olduğunu, dini zəmində həyata keçirildiyini sübuta yetirir.

ABŞ-ın daxili və xarici siyasətində müsəlmanlara qarşı olan nifrətin nə qədər qəddar və amansız olduğunu təsdiqləyən fatlardan birinə - bir neçə ay öncə bu ölkənin İllinoys ştatında baş verən cinayət hadisəsinin motivlərinə və ümumi mənzərəsinə nəzər salaq: 71 yaşı Cozef Çuba müsəmanlara nifrət zəminində 6 yaşlı uşağı bıçaqlayaraq qətlə yetirib, onun 32 yaşlı anasını isə ağır yaralayıb...

Təkcə bu fakt Birləşmiş Ştatların dini azlıqlarla bağlı bütün “qara siyahı”ların ön sıralarında yer alması üçün yetərlidir.

ABŞ isə təkcə bu fakta görə deyil, bütövlükdə dünyada islamafobiyanın körükləyən ölkələrin ön cərgəsindədir. “Nifrətin uzurpasiyası: Amerika xeyriyyəçiliyi və islamofobiya şəbəkəsi” adlı 2019-cu il üzrə hazırlanmış hesabat üçün aparılmış araşdırmalar və keçirilmiş sorğular nəticəsində ABŞ-da yerləşən 1096 təşkilatın 39 qrupa islamafobiyanı körükləmək üçün on milyonlarla dollarlıq maliyyə yardımı göstərdiyi məlum olub. Vəsaitlərin əhəmiyyətli hissəsi isə Avropadakı ultramillətçi təşkilat və qruplara yönləndirilib. Bunun sonucu olaraq, elə həmin il təkcə Almaniyada müsəlmanlara qarşı nifrət zəminində 871 cinayət törədilib. Onlardan 58-i müsəlmanların dini obyektlərinə qarşı yönəlib. 46 hücum nəticəsində isə müsəlmanlara ağır xəsarətlər yetirilib. Fransada isə 2019-cu ildə islamafobiya zəminində törədilən və qeydə alınan cinayətlərin sayı 1043 olub... Və bütün bunlar Birləşmiş Ştatlardan ötürülən vəsaitlər hesabına təşkilatlanan ultramillətçi qruplar tərəfindən həyata keçirilib.

ABŞ-ın “ərəb baharı” adlı cəhənnəm ssenarisini həyata keçirmək üçün yaratdığı ayrı-ayrı qrupların Suriyada dağıtdıqları Böyük Hələb və Xalid ibn əl-Valid məscidləri, İraqda, xüsusilə də Mosulda məhv etdikləri Yunus, Məryəm Xatun, Sultan Vais, əl-Xadrə və Saleh xəlifə Ömər məscidləri, həm də Ağ Evin üz qarasıdır.

Bu baxımdan, ABŞ-ın Ermənistanın 30 ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan ərazilərində dini, tarixi və mədəni abidələrin darmadağın edilməsinə sükutla yanaşmasını da “təbii” qəbul etmək lazımdır. Çünki Birləşmiş Ştatların siyasətinin pis və zalım fitrəti, onun yalnız dağıdıcıların, bölücülərin himayədarı kimi çıxış etməsinə zəmin yaradır.

ABŞ dövlət departamentinin “dini azlıqlar”la bağlı son “hesabat”ında Azərbaycana qarşı qərəz yükünün dəfələrlə artması, xüsusilə də 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə istinad olunması, qanuni ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının Ağ Evin aşırı qəzəbinə tuş gəldiyini göstərir. Gözlənildiyi kimi, bu hesabatda da Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması nəticəsində 60-dan çox məscidin, dini-mədəni obyekin dağılması, yüzminlərlə müsəlman azərbaycanlının öz doğma torpağından qovulması səbəbindən onların həm milli, həm də dini zəmində diskriminasiyaya məruz qalmaları haqqında sözgəlişi də olsa danışılmır. Ermənilər nəinki Azərbaycan Respublikasının sərhədləri çərçivəsində, hətta indiki Ermənistan ərazisində, azərbaycanlıların tarixi vətənlərinin bir hissəsində onlara məxsus dini, mədəni, tarixi abidələri məhv edilblər, ziyarətgahları, məzarlıqları dağıdıblar və bu barədə sözgüdən qarayaxma “hesabat”ında bir kəlmə də olsa söz açılmır. Hətta ermənilərin Alban məbədlərinə sahiblənmələri, yaşadıqları ərazilərdə provoslav xristianlara aid abidələri təhqirə məruz qoymaları barədə də sözügedən “hesabat”da heç nə yoxdur.

İndi isə Ermənistanın rəsmi dövlət orqanlarının açıqladığı və açıq informasiya resurslarında yer alan faktlara diqqət yetirək:

2023-cü ilin yanvar-aprel aylarında Ermənistanın müxtəlif ərazilərində yerləşən abidələrin, o cümlədən İsa Məsihin heykəllərinin vandalizm aktlarına məruz qalması, ermənilərin dini, mədəni və tarixi abidələrə qarşı, sağlam məntiqlə izahı mümkün olmayan bir aqressiyasının olduğundan xəbər verir. Əks təqdirdə, özlərini “dünyanın ilk xristianları” elan edən bir toplum İsa Məsihin heykəllərini nə üçün zədələməli, yaxud dağıtmalıydı ki?...

Qeyd edim ki, erməni vandallarının 2023-cü ildə dağıtdığı ilk abidə İsa Məsihin paytaxt İrəvanın David-Bek küçəsində yerləşən “Surb Arutyun” (Müqəddəs Bazar Günü) kilsəsinin girişindəki bazalt obrazı olub. Vandallar abidənin ayaqlarını sındırıblar, əllərini və başını isə zədələyiblər. Ermənistan mediasının yazdığına görə, sözügedən abidəyə qarşı bir il ərzində üç dəfə vandalizm aktı törədilib.

2023-cü ilin aprel ayında İsa Məsihin Ağadərəsi (Kotayk) rayonunun Crararat kəndindəki “Tux Manuk” kilsəsinin həyətində, daş xaçın (xaçkar) üzərində yerləşən abidəsi də vandalizm aktına məruz qalıb. Erməni vandalları abidənin üzünü zədələyib, sağ əlinin bir neçə barmağını sındırıblar.

Qeyd edim ki, 2020-ci il sentyabrın 17-də, yəni müharibədən 10 gün öncə, İsa Məsihin Uzunoba (Armazvir) vilayətində, “Müqəddəs Lazar” kilsəsinin həyətində ucaldılmış, üslubuna görə Ermənistanda yeganə sayılan abidəsi də dağıdılmışdı. Daha doğrusu, erməni vandalları İsa Məsihin heykəlinin başını qoparmışdılar.

Yenə də 2023-cü ildə və yenə də aprel ayında erməni bəstəkarı Komitas Vardapertin İrəvanın Vaaqn Davtyan küçəsindəki parkda yerləşən heykəl-portreti yerli-dibli yoxa çıxıb.

2021-ci Ermənistan cinayət məcəlləsinin 264-cü maddəsinə (Tarixi-mədəni abidələrin məhv edilməsi və zədələnməsi) əsasən, 30 cinayət faktı qeydə alınıb. Onlardan ikisinin üstü açılıb və vandalizm aktlarını törədənlər məsuliyyətə cəlb olunublar. Bəs məsuliyyətə cəlb olunanlar kimlərdir? Əlbəttə ki, ermənilər!

2022-ci ilin yanvar-may ayları ərzində isə Ermənistanda 4 vandalizm aktı qeydə alınıb. Onlardan birinin üstü açılıb. Vandal isə, şübhəsiz ki, Ermənistan vətəndaşı olub.

ABŞ-ın dövlət departamenti isə, göründüyü kimi, Ermənistana gələndə, hətta ermənilərin xristian abidələrinə qarşı törətdikləri vandalizm aktlarını da görməzdən gəlir, amma tolerantlıq nümunəsi olan Azərbaycanda “dini ayrı-seçkilik”lə bağlı mövcud olmayan “faktlar”ı erməni əsilli müəlliflərin iştirakı ilə “aşkarlayaraq”, həyasızcasına yalan üyüdür. “Hesabat”ın Azərbaycana aid olan hissəsinin, Amerika Erməni Assambleyasının mərkəzi ofisinin kommunikasiya üzrə keçmiş direktoru, Livanın Los-Ancelesdəki Konsulluğunun sabiq əməkdaşı Daniela Saroyan-Aşbaxyanın rəhbərlik etdiyi ictimai xidmət tərəfindən hazırlanması, qarayaxma kampaniyasının ssenarisinin öncədən və məqsədyönlü şəkildə, həm də ermənilərin iştirakı ilə hazırlanmasından xəbər verir.

Daniela Saroyan-Aşbaxyanın ABŞ-ın xarici siyasətinin müəyyən edilməsində yer alması, ABŞ-ın beynəlxalq dini azadlıq komissiyasının ictimaiyyətlə və Konqreslə əlaqələr üzrə rəhbəri olması isə Birləşmiş Ştatların “Xarici təsirlar haqqında” (Foreign-influence laws across the United States) qanunvericilik aktlarına görə,

tamamilə qanunsuz sayılır. Görünür, Daniela Saroyan-Aşbaxyanın 2020-ci ildə, 44 günlük müharibədən sonra bu vəzifəyə gətirilməsi də öncədən düşünülmüş planın bir hissəsidir və bu səbəbdən də hətta ABŞ qanunvericliyinin pozulmasına da göz yumulub.

Daha öncə qeyd etdiklərim və departamentin “hesabat” adlanan kağız parçasında yer alan bütün qərəzli məqamlar bu “sənəd”in dini ayrı-seçkiliyə qarşı mübarizə məqsədilə deyil, bu ayrı-seçiliyi daha da möhkəmlətmək və dünya ictimaiyyətinin gözündə qanuniləşdirmək üçün hazırlandığını təsdiqləyir. Sözügedən kağız parçasında dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, “Absaz media” və digər bu kimi şəxs və nüfuz agentləriylə bağlı iddiaların yer alması, “hesabat”ın siyasi sifariş əsasında uydurulduğunu və əsassız siyasi motivli mülahizələrin də “dini azlıqlar”la bağlı yalanları arqumentləşdirmək üçün yardımçı amil kimi ortaya atıldığını sübuta yetirir.

Amma unudurlar ki, uzun illər boyu üzərimizə atılan böhtan və yalanlar Azərbaycan xalqının, dövlətinin öz milli hədəflərinə çatmasına maneə yarada bilmədiyi kimi, bundan sonra da milli birliyimizin, həmrəyliyimizin tozuna belə təsir göstərə bilməyəcək. Biz kim olduğumuzu, hansı yolla yürüdüyümüzü, haqqın, ədalətin keşiyində dayandığımızı çox yaxşı bilirik.

Əyri “ayna”larla kimsə xalqımızı, dövlətimizi haqq yolundan, milli hədəflərdən yayındıra bilməz.

Elçin Mirzəbəyli

visiontv.az