"Ey Kür çayı, dalğan ağ, Suyun günəşdən parlaq!" Son günlər suyunun azalması ilə gündəmə gələn Kür çayı...
"Ey Kür çayı, dalğan ağ, Suyun günəşdən parlaq!"  Son günlər suyunun azalması ilə gündəmə gələn Kür çayı...
14.03.2023 MEDİA Tərəfindən

Kür çayının 906 kilometri Azərbaycan Respublikasının ərazisindən keçir. Kür çayının uzunluğu 1515 kilometr, hövzəsinin sahəsi 188 min kvadratkilometrdir. Sahilində Borjomi, Qori, Mtsxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan, Salyan şəhərləri yerləşir.

Mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. Türkiyə, Gürcüstan ərazisindən axaraq Azərbaycan ərazisinə daxil olur. Burada özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək Xəzər dənizinə tökülür. Dənizə töküldüyü hissədə çay iki qola ayrılır: Ana kür və Bala kür. Azərbaycan ərazisindəki Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və başqa çaylar Kür hövzəsinin çaylarıdır.

Çayın deltasında uzunburun, ağ balıq, nərə, ilanbalığı və başqa balıqlar ovlanır. Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd su bəndləri və hidroelektrik stansiyaları, nəhəng su anbarları yerləşir. Bundan başqa, Kürün suyu suvarmada geniş istifadə olunur.  

Son günlər mətbuatda Kür çayının quruması ilə bağlı xəbərlərə rast gəlirik. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Ənvər Əliyev Kür çayının qurumasından danışıb. Mütəxəssis buna əsas səbəblərdən biri kimi su anbarlarını göstərib: “Ölkəmizdəki çayların böyük əksəriyyəti tranzit çaylardır. Kür çayı bizim əsas su mənbəyimizdir. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır. Bu qidalanmada da bəzi hissələrdə su anbarları var. Bu çay ümumillikdə respublikamız daxil olmaqla 1515 kilometr ərazini keçir. Həmin ərazilər də maksimum dərəcədə gələcək üçün bu çaydan istifadə etməyə çalışır. Bu problem ucbatından da Kür çayı Azərbaycan ərazisinə çatanadək suyu azalır. Ölkəmizdə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır. Bu anbarlar suyu gələcəkdə daha “səmərəli” istifadə üçün yığmağa çalışır. Nəticədə çaya bir hücum başlayır”.

Bəxtiyar Vahabzadə. “Kür çayı”

Ey Kür çayı, daşırsan,
Sahilləri aşırsan.
Tarlalarda, bağlarda,
Bizimlə oynaşırsan.

Ey Kür çayı, dalğan ağ,
Suyun günəşdən parlaq.
Yol sal bazara, bağçaya,
Sən çal, biz də oynayaq.

Ey Kür çayı, gəl barı,
Bizim dəhnəyə sarı.
Aç qoynunu, yuyunsun,
Elin oğul, qızları.

Bünyamin Bünyadzadə

Visiontv.az



Gündəlik

slide 7 to 10 of 8