"Ermənistanın əvəzinə başqa bir beynəlxalq subyekt olsaydı, sülh müqaviləsinin imzalanması bu qədər uzanmazdı..."
"Ermənistanın əvəzinə başqa bir beynəlxalq subyekt olsaydı, sülh müqaviləsinin imzalanması bu qədər uzanmazdı..."
05.06.2023 MEDİA Tərəfindən

Bu gün ADA Universitetində jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh sazişinin imzalanması qaçılmazdır. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı. Bundan başqa bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib. O, qeyd edib ki, danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var.  

Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonuna kimi imzalanması nə dərəcədə real görünür? Sülh müqaviləsinin hansı ölkədə imzalanması ehtimalı yüksəkdi? Mövzu ilə bağlı millət vəkili, Bəhruz Məhərrəmov Visiontv.az saytına bunları bildirdi:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması postmünaqişə dövründə bizim siyasi prioritetlərimizdən biridir və qalib tərəf olmasına baxmayaraq proses üzrə təşəbbüskar və əsas hərəkətverici qüvvə məhz Bakıdır.

Qalib tərəfin sülh barədə danışması və buna səmimi cəhdlər göstərməsi əlbəttə, bölgə üçün yeni imkan və perspektivlər deməkdir. Bu mənada əgər qarşımızdakı Ermənistan yox, sağlam və praqmatik düşünməyi bacaran başqa bir beynəlxalq subyekt olsaydı, əslində sülh müqaviləsinin imzalanması bu qədər uzanmazdı.

Lakin zəhərlənmiş milli düşüncəyə malik erməni cəmiyyəti və nifaq və nifrət üzərində dövlət siyasətinə malik Ermənistanın heç bir ağlabatan əsas olmadan revanşist niyyətlə yaşaması prosesin üç il uzanması ilə nəticələnib. Təbii ki, Bakı sülh prosesi üzrə müharibəyəqədərki təcrübənin təkrarlanmasına yol vermək niyyətində deyil və bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində cənab İlham Əliyev açıq şəkildə 2023-cü ilin sülh üçün son şans ili olduğunu bəyan edib. Cənab Prezidentin bu bəyanatının kökündə isə heç şübhəsiz ki, möhkəm siyasi iradə və çox ciddi hərbi-siyasi imkanlar dayanır. Cənab İlham Əliyev elə geosiyasi situasiya formalaşdırıb ki, Ermənistan istəməsə belə bir neçə səbəbdən sülhə məhkumdur.

İlk növbədə, cənab Prezident Ermənistan qarşısında irəli sürdüyü beynəlxalq hüququn prinsiplərinin məcmusunu ehtiva edən şərtlərlə elə mükəmməl taktik konfiqurasiya formalaşdırıb ki, əgər İrəvan Azərbaycanın sülh şərtinə "yox" deyərsə, 30 il beynəlxalq hüququ görməzdən gələn, lakin bunu etiraf etməyən İrəvanın ifşası olar ki, onsuz da dalana dirənmiş Ermənistan üçün mövcud ssenari arzuolunmazdır.

İkincisi, Azərbaycan sülh arzulayır, lakin Ermənistanın iradəsinə məhkum deyil, bu il mayın 3-də Prezident İlham Əliyevin Şuşada ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda da ifadə etdiyi kimi, “əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq”.

Əlbəttə ki, İrəvan yaxşı anlayır ki, situasiya qeyd edilən istiqamətdə cərəyan edərsə, yeganə uduzan tərəf özü olacaq. Çünki Azərbaycan qarşısına qoyduğu hədəfləri, məsələn sərhədlərin delimitasiyasını Ermənistanlı-Ermənistansız realizə  edəcək. Cənab Prezidentin Laçında açıq mətnlə ifadə etdiyi kimi, “Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq? Harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim".

Yaxud Azərbaycan kommunikasiyaları İrəvanlı-İrəvansız aça biləcək gücdədir, Praqa görüşündən sonra yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev də bəyan etmişdi ki, "biz hələ səbr göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Bütün bunlara əlavə olaraq, Fransanın köməyi ilə pozulmuş Brüssel prosesinin bərpası, Moskvada cənab İlham Əliyevin Paşinyanı növbəti dəfə yerinə oturtması İrəvanı bir daha düşünməyə vadar etməkdədir. Xüsusən Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşündə Zəngəzur dəhlizi ilə bağlı anlaşma İrəvanın uğurla sülhə məcbur edildiyini göstərir. Bəli, bu razılaşma Prezident İlham Əliyevin növbəti inamlı qələbəsidir, lakin İrəvan praqmatik düşünməyi bacarsa, əslində anlayar ki, bu razılaşmada uduzan tərəf yoxdur. Sadəcə Ermənistan revanşist niyyəti və mümkünsüz xülyaları ilə bu vaxta qədər özünü dalana dirəmişdi.

Bu mənada, həqiqətən də, ilin sonunadək sülh müqaviləsinin imzalanması üçün çox ciddi şanslar var. Ermənistan bu prosesin ya tərkib hissəsi olacaq, ya da Azərbaycanın təktərəfli şəkildə reallaşdıracağı proseslərə dalana dirənmiş şəkildə kənardan baxacaq. Cənab İlham Əliyevin mayın 28-də Laçında bəyan etdiyi kimi, "İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm”.

İrəvandan gələn müəyyən bəyanatlar, o cümlədən Paşinyanın Ankara səfərində müəyyən tezislər irəli sürməyə imkan verən fotolar göstərir ki, Ermənistan rəhbərliyi artıq düşdükləri vəziyyətin fərqinə vararaq sağlam addım atmağa hazırlaşır. Təbii ki, Ermənistan da, Ermənistanın havadarları da xüsusən postmüharibə reallıqları fonunda yaxşı başa düşürlər ki, cənab İlham Əliyev nəyi deyibsə, ona da nail olub. Bu mənada Azərbaycanın səbrini sınağa çəkmək nəinki Ermənistan, bütövlükdə regionda marağı olan hər kəs üçün faydasız, eyni zamanda təhlükəlidir. Necə ki, 44 günlük savaş, eləcə də müharibədən sonra yaşanan hərbi qarşıdurmalar, o cümlədən Azərbaycanın Ermənistanla şərti sərhəddə, Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qoyması göstərdi ki, heç kim cənab İlham Əliyevi və onun ordusunu dayandıra bilməz."

Bünyamin Bünyadzadə

Visiontv.az