Ermənilər “kitab”ı bağlanmış, qaraçuxası yatmış xalq obrazı ilə artıq barışıblar
Ermənilər “kitab”ı bağlanmış, qaraçuxası yatmış xalq obrazı ilə artıq barışıblar
11.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Hər nə qədər təəccüblü görünsə də, tənhalığın bir növü də məhz geosiyasi yalqızlaşmadır və bu gün dünyada çoxlu sayda tənha insanlar olduğu kimi tənhalaşmış xalqlar, istifadə edilib atılmış ölkələr də var. Ermənilər və Ermənistan da bu kateqoriyaya daxildir.

Bəs, bu gün ermənilərə eyni vaxtda həm tənhalıq, həm də qorxu və ümidsizlik hisslərinin hakim kəsilməsinə ilk növbədə hansı geosiyasi amillər səbəb olur?

- Fransada son seçkilərdən sonra ermənilərin əsas dəstəkçisi və ümid yeri olan Makronun siyasi mövqelərinin ciddi şəkildə zəifləməsi.

- Ermənilərin son 30 ildə regionda iki əsas müttəfiqindən biri sayılan İranda türk əsilli (Güney Azərbaycan türkü) Məsud Pezeşkianın prezident seçilməsi.

- Kollektiv Qərbdən sonra dünyanın ikinci böyük geosiyasi qütbü sayılan Qlobal Cənubun lider dövləti – Çinin Cənubi Qafqazda əsas tərəfdaş kimi məhz Azərbaycan və Gürcüstana üstünlük verməsi.

- Dünyada ən güclü erməni lobbisinin mövcud olduğu Amerika Birləşmiş Ştatlarının son vaxtlar Zəngəzur dəhlizinə birdən-birə xüsusi önəm verməyə başlaması və Ağ Evin İrəvanı Bakı ilə sülh bağlamağa tələsdirməsi.

- 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandıran üç əsas ölkədən biri olan Hindistanın son günlər qəfildən Rusiya ilə yaxınlaşma kursunu seçməsi.

- KTMT-nın üzvü olan ölkələrin Ermənistanla münasibətlərinin tamamilə soyuması.

- Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Zirvə toplantısından sonra Turan birliyinin ayaq səslərinin daha ucadan eşidilməyə başlanması.

Bütün bu və ya digər amillər 44 günlük müharibədən sonra ermənilərdə baş qaldırmış əziklik və çarəsizlik əhval-ruhiyyəsini gün-gündən daha da qüvvətləndirir. Ermənistanın siyasi analitiklərinin, ekspertlərinin şərhlərini, müsahibələrini izləyirsinizsə, onların əksəriyyətinin total bədbinliyinə qapıldığını yəqin ki hiss edirsiniz.

Bu məğlubluq və perspektivsizlik sindromu erməniləri hələ uzun müddət tərk etməyəcək. Çünki hazırda əksər ermənilər “kitab”ı bağlanmış, qaraçuxası yatmış xalq obrazı ilə artıq barışıblar.

Bəybala Mirzəyev

visiontv.az