Erməni polkovnikinin mina "blef"i ...-Bəybala Mirzəyev
Erməni polkovnikinin mina "blef"i ...-Bəybala Mirzəyev
08.06.2021 Bəybala Mirzəyev Tərəfindən

Və yaxud, Qumaşyanın şübhəli etirafı nəyə xidmət edir?

Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan yerli erməni televiziyalarından birinə müsahibəsində guya Laçın və Kəlbəcər rayonları ərazisinə çoxlu sayda mina basdırdıqlarını "etiraf" edib.

“Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Biz həmin əraziləri ağılla minalamışıq. Əgər Azərbaycan Rusiyadan, yaxud İngiltərədən mütəxəssislər gətirsə belə, heç nə alınmayacaq. Orada bəzi ərazilər zəncirvari minalanıb”,- deyə, erməni polkovnik əlavə edib.

Qumaşyan xəritələri yalnız erməni diversantların geri qaytarılması qarşılığında verə biləcəklərini deyib: “Mina xəritələrini verməyə hazırıq. Amma bunun üçün bircə şərtimiz var: bütün əsirlərimiz azad olunmalıdır".

Erməni zabitinin bu etirafları nə dərəcədə səmimidir?

Məncə, burda heç bir səmimiyyətdən söhbət belə gedə bilməz. Əvvəla, Qumaşyan "blef" edir və Azərbaycan ictimaiyyətində məqsədli şəkildə panika, təşviş, narahatlıq yaratmağa çalışır.

İngiltərə mütəxəssisləri, xüsusən də “The HALO Trust” təşkilatı istənilən növdə minalarla "çirklənmiş ərazi"ləri təmizləmək potensialına sahibdir. Odur ki, Qumaşyan ingilis minaaxtaranlarının təcrübəsinə, peşəkarlığına qəsdən kölgə salmağa çalışır.
Birdəki polkovnik K.Qumaşyan "özfəaliyyət"lə məşğuldur. O, nə Ermənistan hökumətinin, nədəki Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəsmi sözçüsü, təmsilçisi deyil.

Paşinyan da bu polkovnikə rəsmi İrəvan adından mina xəritələrinin hansısa şərtlər əsasında verilməsi ilə bağlı yetki və səlahiyyət verməyib.

Qumaşyan necə deyərlər, aranı xəlvət görüb, özü atıb ortaya. Çünki bu saat Ermənistanda hamı danışır. Bu miskin ölkədə it yiyəsini tanımır.

Sözügedən Koryun Qumaşyan adlı erməni zabiti Ermənistandakı bu qarışıqlıqdan, xaosdan istifadə edib həm populyarlaşmaq, həm də para qazanmaq istəyir.

O iddia edir ki, Kəlbəcərdəki böyük bir ərazisinin minalanmasını təsdiqləyən xəritə yalnız onda var.

Qumaşyan çox güman ki, yalan danışır və təxribatla, şantajla məşğul olur. O, Azərbaycanı bu yolla şantaj etməyə çalışır. Əsl həqiqətdə isə K.Qumaşyan Birinci Qarabağ müharibəsi dönəmində Ermənistan ordusunda heç bir önəmli hərbi vəzifə daşımayıb. Və belə bir mühüm əməliyyatın xəritəsi, digər sənədləri belə bir kiçik çaplı zabitdə əsla ola bilməzdi.

İndi Ermənistan ordusunda bu cür avantüristlər çoxdur və onlar ordudakı başpozuqluqdan, yiyəsizlikdən, ikihakimiyyətlilikdən öz şəxsi maraqları üçün yararlanmağa çalışırlar.

Qumaşyan da məhz bu yolla özünə Ermənistanda "qəhrəman" imici düzəltməyə çalışır.

Bu avantürist polkovnikin sözügedən "etiraf"ının bir məqsədi də Azərbaycan ictimaiyyətində hökumətə qarşı narazılıq yaratmaq, dövlətlə xalq arasında gərginliyi körükləməkdir.

Odur ki, biz bu şantajistin, təxribatçının açıqlamalarına aldanmamalıyıq.

Onun "etiraf"ları əvvəlcə tam dəqiqliyi ilə araşdırılmalı və təsdiqlənməlidir. Bu erməni zabiti sözlərinin boş sözdən ibarət olmadığını real olaraq sübut etməlidir.

Qumaşyanın özünün və beynəlxalq mütəxəssislərin də iştirakı ilə sözügedən ərazinin heç olmasa kiçik bir hissəsində ilkin yoxlama aparılmalıdır. Əgər bu yoxlamanın nəticələri təsdiqlənərsə, hə, o zaman Qumaşyanın etiraflarını və şərtini ciddi qəbul etmək və dəyərləndirmək olar.

Əks halda, gündə bir erməni avantüristinin çıxıb gic-gic açıqlama verməsinə hər hansı reaksiya verməli deyilik.

Visiontv.az