Ədalət Həsənov: Xankəndidə ölən erməni qadının meyiti etibarlı yerdə saxlanılır
08.04.2025

Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək.

Visiontv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənovun APA-ya müsahibəsində deyib.

"Xankəndidə ölən erməni qadının meyiti etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin respublikanın bütün şəhər və rayon şöbələrində belə soyuducular var.

Soyuducuların temperaturu əməkdaşlar tərəfindən nizamlanır. Lakin soyuducular meyitlərdə çürümə prosesini tamamilə dayandıra bilmir, onu müəyyən qədər ləngidə bilir. Bəzən bu məqsədlə digər əlavə vasitələrdən də istifadə etməyə ehtiyac yaranır - meyitin formalinlə fiksasiyası və s.", - o bildirib.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü, erməni əsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir.

 



Gündəlik

slide 7 to 10 of 8