İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. C. Bağırov Siyasi Portret” kitabı işıq üzü görüb. Kitab M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəisi, AK(b)P və sonradan AKP MK-nın birinci katibi işlədiyi zaman respublikadakı ictimai-siyasi vəziyyətdən, onun apardığı siyasətdən, Stalin və Beriya ilə əlaqələrindən və onun həyatından bəhs edir.
Kitab arxiv materialları əsasında yazılmışdır və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabdan oxuyuruq : 1945-ci il noyabrın 28-də Moskvadan o vaxtlar Sovet İttifaqı Mərkəzi Komitəsinin katibi Malenkovdan M.C.Bağırovun adına mək¬tub gəlir.
Ermənistan Kommunist Partiyası MK-nın birinci katibi Arutyunovun siyasi büroya müraciətindən sonra Malenkov Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi barədə M.C.Bağırova müraciət edir. Bağırov ona yazılı surətdə cavab verir və cavabında Zaqafqaziyanın xəritəsini də ora əlavə edir. Xəritə üzərində qeydlər və yazılı şərhlər verilir. Xəritədə 1921-ci ildə ermənilərə verilmiş Zəngəzur mahalı, Göyçə diyarı, Göyçə gölü, Gürcüstana verilmiş Borçalı, Dağıstandakı Qasımkənd və Dərbənd göstərilir və bu cür şərh verilir ki, biz bənəlmiləlçiliyin tərəfdarıyıq, əgər ədalətli olsaq, bu torpaqlar Azərbaycan Respublikasına qaytarılmalıdır. Malenkov Stalinə Ba¬ğırovun cavabını çatdırdıqda, Stalin bu işdən vaz keçir və məsələyə oradaca nöqtə qoyulur.
F № 1, q. № 169, №249
Moskvadan 28. XI 1945-ci il
Azərbaycan K(b)P) MK-nın katibi yoldaş M.C.Bağırova
Ermənistan K(b)P MK-nın katibi yoldaş Arutyunov ÜK(b)P MK-da baxılması üçün hazırda Azərbaycan SSR-in tərkibinə daxil olan Dağlıq-Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə verilməsi ilə bağlı təklif irəli sürüb.
Bununla bağlı yoldaş Arutyunov öz məktubunda aşağıdakıları yazır:
“Ermənistan ərazisinin yaxınlığında yerləşən Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycan SSR-nin tərkibinə daxil edilmişdir. Bu vilayətin əhalisinin böyük əksəriyyəti ermənilərdir. 153 minlik əhalinin 137 mini Ermənistanın oxşar dağlıq hissəsinin sakinləridir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına təkan verər və həm də təsərrüfata rəhbərliyi xeyli yaxşılaşdırar. Vilayətə Ermənistanın müvafiq orqanları tərəfindən rəhbərlik edilməsi ilə əhaliyə mədəni-kütləvi və siyasi xidmətin doğma dillərində göstərilməsi daha da gücləndirilə bilər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə daxil edilməsi yerli sakinlərə təhsillərini Ermənistanın ali təhsil müəssisələrində doğma dildə dаvam etdirmək imkanı qazandırardı. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağ Muxtar Vilayətindən yeni kadrlar əldə edə bilər.
Bütün bunları və Dağlıq Qarabağ əhalisinin istəyini nəzərə alaraq Ermənistan Mərkəzi Komitəsi və Xalq Komissarları Soveti ÜK(b)P və İttifaq hökuməti qarşısında Azərbaycan SSR-nin tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti statusunda Ermənistan SSR-nin tərkibinə daxil edilməsi ilə bağlı məsələ qaldırır.
Bu məsələ özünün müsbət həllini taparsa, Ermənistan K(b)P MK və XKS mərkəzi hökumətə Qarabağın keçmiş mərkəzi, burada sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin yenidən bərpa edilməsi təklifi ilə müraciət edəcək”.
Ermənistan K(b)P MK-nın təklifi ilə bağlı öz fikrinizi bildirin.
ÜK(b)P MK-nın katibi MALENKOV.
Surəti
ÜK(b)P MK-ya
Yoldaş MALENKOVA
Sizin Ermənistan K(b)P MK-nın katibi yoldaş Arutyunovun Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi barədə təklifi ilə bağlı teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim dövrlərdən Qarabağ xanlığının tərkibində olub. 1747-ci ildən etibarən Xanlığın mərkəzi Pənah Xan Qarabağlı tərəfindən qala kimi inşa etdirilmişPənahabad şəhəri olmuşdur.
1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Karyagin və Qubadlı qəzalarının tərkibinə daxil edilmişdir.
Azərbaycanda müsavatçılar, Ermənistanda daşnaklar hakimiyyətdə olduqları dövrdə - 1918-1920-ci illərdə müsavat hökuməti tərəfindən bütün Qarabağın ərazisində mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olmaqla Qarabağ general-qubernatorluğu təşkil edilmişdir.
Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunan millətlərarası qırğınların nəticəsində Azərbaycanın və Ermənistanın digər şəhərləri kimi Şuşa da dağıdılaraq xarabalığa çevrilmişdir.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ilk vaxtlar bütün Qarabağın siyasi-iqtisadi, təsərrüfat həyatına rəhbərlik Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilmişdir.
1923-cü ildə erməni əhalisinin üstünlük təşkil elədiyi Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi barədə məsələ qaldırılıdı. Amma bu ərazinin Ermənistan SSRilə ümumi sərhədinin olmaması və istisnasız olaraq azərbaycanlıların məskunlaşdığı Qubadlı, Laçın, Kəlbəcər və Zəngilan rayonları ilə ayrıldığı nəzərə alınaraq, partiya orqanlarının göstərişləri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti əsasında mərkəzi Xankəndi (indiki Stepanakert şəhəri) olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.
Beləliklə, Dağlıq Qarabağ Muxtarv Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR ilə həmsərhəd olmayıb və indi də deyil.
Azərbaycanda sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin siyasi-təsərrüfat və mədəni inkişafı üçün nəhəng işlər görülmüşdür. Bunun parlaq nümunəsi kimi hazırda DQMV-in mərkəzini – Stepanakert şəhərini göstərmək olar. Baxımsız və dağıdılmış həmin kənd hazırda Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilmişdir.
Azərbaycan SSR-nin bütün ali təhsil ocaqlarında və texnikumlarında oxuyan tələbələrin 20,5 faizini ermənilər təşkil edir. Onların da əksəriyyəti məhz Dağlıq Qarabağ Muxtar Vilayətindəndir.
Dağlıq Qarabağdan olan bir çox yoldaşlar respublikanın partiya, sovet, təsərrüfat rəhbərlərinin arasında yer alır: Azərbaycan K(b)P) MK və BK katiblərinin müavinləri, xalq komissarları, xalq komissarlarının müavinləri və s.
Bütün bunlara baxmayaraq, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə qarşı çıxmırıq, amma Şuşa rayonunun Ermənistan SSR-yə verilməsi ilə razı deyilik. Bu rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olsa da, sakinləri əsasən azərbaycanlılardan ibarətdir.
Şuşa şəhəri inşa edildiyi andan Qarabağın təkcə siyasi-inzibati və mədəni mərkəzi olmayıb, həm də Azərbaycan xalqının fars işğalçılarına qarşı mübarizədə, öz müstəqilliyi uğrunda savaşlarda müstəsna rol oynamışdır. Dünyanın ən qaniçən fatehlərindən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd Şah Qacar azərbaycanlılar tərəfindən məhz Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşıb, İbrahim Xan, Vaqif, Natəvan kimi tanınmış siyasət və mədəniyyət xadimlərinin adları Şuşa ilə birbaşa bağlıdır.
Eyni zamanda ÜK(b)P MK-nın diqqətinə onu da çatdırmağı vacib sayırıq ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, həm də Ermənistan SSR-nin azərbaycanlı əhalinin üstünlük təşkil elədiyi və Azərbaycanla həmsərhəd olan Əzizbəyov, Vedi və Qarabaqdar rayonlarının Azərbaycan SSR-nin tərkibinə verilməsi məsələsinə də baxılmalıdır.
Həmin rayonların mədəni və iqtisadi cəhətdən olduqca geri qaldığını nəzərə alsaq, onların Azərbaycana verilməsi buradakı əhalinin maddi-məişət şəraitinin və onlara göstərilən siyasi-mədəni xidmətin yaxşılaşdırılması üçün imkanlar yaradardı.
Yuxarıda deyilənlərdən başqa, ÜK(b)P MK-dan aşağıdakı məsələlərə də baxılmasını xahiş edirik:
Gürcüstandan olan yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qaldırır.
Adları çəkilən rayonlarda yaşayan 79 minlik əhalinin cəmi 9 mini gürcü-inqiloylar olsa da, biz bu məsələyə baxılmasına etiraz etmirik. Amma eyni zamanda Gürcüstan SSR-nin, demək olar ki, azərbaycanlılardan ibarət və Azərbaycanla həmsərhəd olan Borçalı rayonunun Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılsın.
Və nəhayət, biz həm də keçmişdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və Bakı qəzasına daxil olan, hazırda Azərbaycanla həmsərhəd Dağıstan SSR-nin Dərbənd və Qasımkənd rayonlarının Azərbaycan SSR-nin tərkibinə verilməsi məsələsinə də baxılmasını xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir və onlar ilin əksər hissəsini Azərbaycan ərazisində keçirirlər.
Qaldırılan bütün məsələlər üzrə təkliflərin hazırlanması üçüntərkibinə hər respublikadan nümayəndələr daxil edilməklə ÜK(b)P MK-nın xüsusi komissiyasının yaradılmasını məqsədəuyğun hesab edərdik.
Azərbaycan K(b)P)
MK-nın katibi M.C.Bağırov
10 dekabr 1945-ci il
№ 330
Bakı ş.
Çeçen, qaraçay, inquş, məhsəti türkləri, Krım tatarları, çərkəzlər və digər müsəlman xalqları Qazaxıstana, Sibirin çöllərinə sürgün olunurlar. Hər bir detala şübhə ilə yanaşan Stalini inandırmaq üçün böyük intriqa ustası Mikoyan öz planını cızmışdı. Müharibə illərində çeçenlərin dini rəhbərinin Almaniya generalı Paulsa Qroznının açarlarını təqdim etməsi hallandırılır və Krım tatarlarının, qara¬çay, məshəti türklərinin, Ermənistanda yaşayan azərbaycanlıların Türkiyə sərhədinə yaxın məskunlaşmaları SSRİ-nin hərbi təhlükəsizliyinə təhdid sayılır və bu türkdilli xalqların müəyyən bir münaqişə zamanı Türkiyənin tərəfinə keçəcəyindən ehtiyat edilirdi. Ona görə ki, o zaman SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürüb, Rizə, Trabzon, Qars və Ərdahanı tələb edirdi. Artıq SSRİ qoşunları Türkiyəni ilhaq etməyə hazır durmuşdu.
Axı, bir faktı nəzərdən qaçırmaq olmaz ki, SSRİ Türkiyəyə qarşı əks mövqedə dayanmışdı. O illərdə Türkiyə SSRİ-nin dünyada rəqibi olan Amerika ilə yaxın münasibətlər qurmuşdu. Sonralar Türkiyə rəhbərliyi olduqca müdrik bir addım ataraq, Türkiyəni NATO-ya qoşdu. Stalin Amerikanın türklərin vasitəsilə Qafqazda yaşayan türkdilli xalqları da milli-azadlıq hərəkatı adı altında bu proseslərə qoşa biləcəyindən əndişələndi. Bu fakt Stalini çox narahat edirdi. Mikoyan da öz erməni xisləti ilə Stalinin bu narahatlığından məharətlə istifadə etdi.
Bu dırnaqarası məharətin nəticəsində SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Köçürülənlər Şöbəsinin 1946-cı ilin oktyabrına hazırladığı ümumi arayışda göstərilirdi: “Xüsusi köçürülənlər düşərgəsində ümumilikdə 2.463.940 nəfər vardır. Onlardan 655.674-ü kişi, 829.084-ü qadın, 979.182-i 16 yaşına qədər olanlardır. Köçürülənlərin əksəriyyəti aşağıdakı qaydada yerləşmişlər: Qazaxıstan SSR-də 890.698 nəfər; Özbəkistan SSR-də 179.992 nəfər; Kemerovo vilayətində 115.436; Sverdlovsk vilayətində 113.476; Krasnoyarsk vilayətində 112.316; Altay vilayətində 35.381; Novosibirsk vilayətində 92.968; Tomsk vilayətində 83.276; Tümendə 566.111; Çelyabinskdə 51.865; Omsk vilayətində 44.767 (“Moskovskiye novosti” qəzeti, Moskva, 1990, № 41).
Bu qaydada zorla köçürülmələr, sürgünlər, demək olar ki, SSRİ-də ya¬şayan bütün xalqları əhatə edirdi. Aşağıdakı rəqəmlərdə bu dəhşətli faciənin miqyası görünməkdədir: 1) Çeçen və inquşlar – 400.478 nəfər (97441 kişi, 110818 qadın, 1.919-u 19 yaşına qədər olanlar); 2) Qaraçaylar – 60139 nəfər (10595 kişi, 16860 qadın, 32557-i 16 yaşına qədər olanlar); 3) Balkarlar – 32817 nəfər (6147 kişi, 10284 qadın, 16386-ı 16 yaşına qədər olanlar); 4) Kalmıklar – 81673 nəfər (199506 kişi, 24143 qadın, 32997-i 16 yaşına qədər olanlar); 5) Krım tatarları, balkarlar, yunanlar – 193959 nəfər (43135 kişi, 68343 qadın, 82481-i 16 yaşına qədər olanlar); 6) Almanlar – 774178 nəfər (122336 kişi, 296014 qadın, 355828-i 16 yaşına qədər olanlar); 7) Türklər, kürdlər – 84402 nəfər (16353 kişi, 23277 qadın, 44772-i 16 yaşına qədər olanlar).
1947-ci ildə yenidən Kremldə Sov. İKP MK Rəyasət Heyətinin iclasında azərbaycanlıların departasiyası məsələsi gündəmə gəlir. Yenə də L.P.Beriya siyasi büronun qərarını bir neçə gün sonraya sax¬latdırır.
İclasdan sonra Bağırova zəng vuraraq, dərhal Kremlə gəlməyini məsləhət görür. O illərdə Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri işləmiş Teymur Quliyev öz xatirələrində qeyd edirdi:
- Mən Mir Cəfər Bağırovdan məzuniyyətə buraxılmağımı xahiş etdim. O, mənim məzuniyyətə getməyimə icazə verdi. Bir neçə gün¬dən sonra mənə M.C.Bağırovdan teleqram gəldi və o, məndən təcili Bakıya, Mərkəzi Komitəyə gəlməyi xahiş edirdi. Mən Bakıya qayıdıb M.C.Bağırovun qəbuluna getdim. İçəri girdikdə Bağırovu çox narahat halda otaqda var-gəl etdiyini gördüm. O, mənə L.P.Beriyanın zəngi barədə məlumat verdi və Stalinin ondan azərbaycanlıların yurd-yuvalarından departasiyasına müsbət cavab vermək istədiyini bildirdi.
Bağırov bir müddət susduqdan sonra qarşısında duran masanın siyirməsini çəkərək öz şəxsi tapancasını götürdü və dedi:
- Mən Moskvaya, Kremlə Stalinlə görüşə gedirəm. Beriya kö¬mək edəcəyinə boyun olub. Əgər Stalini razı sala bilməsəm, - deyərək, bir müddət susdu...
Bağırov Stalinlə təkbətək görüşür və həmin görüşdəki söhbət bizə məlum deyil, ancaq nəticəsi xalqımız üçün əhəmiyyətli olur. Yəni, azərbaycanlılar öz doğma torpaqlarından sürgün olunmurlar. Lakin Stalin Bağırovun bu hikkəli davranışını həzm edə bilməzdi. Ona görə də o, Bağırovu “məcburi məzuniyyətə” göndərir. Düz dörd ay Bağırov işsiz qalır. Məhz bu dövrdə Ermənistanın Türkiyə ilə sərhəddində məskunlaşan azərbaycanlıların öz doğma yurdlarından de¬portasiyasına start verilir. Burada bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistandan deportasiya kütləvi şəkildə deyil, 1948-1950-cü illərdə, əsasən, Türkiyə ilə sərhəd kəndlərdən çıxarılırdı. Bu o deməkdir ki, azərbaycanlıların bir qismi Qərbi Azərbaycanda qalırdı. Bu köçürülmələrin digər səbəblərindən biri də dünyadan axışıb gələn erməni reportiantlarını azərbaycanlıların çıxarıldığı ərazilərdə yerləşdirilməsi idi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 nömrəli qərar qəbul etdi.