"Bu səhnəyə baxmaq üçün tamaşaçı qismində Avropa Birliyinin diplomatları cəlb olunublar"
"Bu səhnəyə baxmaq üçün tamaşaçı qismində Avropa Birliyinin diplomatları cəlb olunublar"
27.07.2023 Hikmət Babaoğlu Tərəfindən

Ağdam - Bərdə yolundan istifadə etmək üçün ermənilərə Azərbaycan tərəfindən fürsət verilib. Amma ermənilər bunu istımir və beynəlxalq qanunları pozaraq təxribatlara əl atırlar. Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də konkret olaraq vurğulayıb ki, oyun bitdi!

Laçın postu yaxınlığında ermənilərin  “humanitar yardım” adı altında oyunun məqsədi nədir və onlar məqsədlərinə nail olmaq üçün bundan sonra hansı addımları ata bilərlər? Konkret olaraq Azərbaycanın bu məsələdə mövqeyi və addımları nədən ibarətdir?

Bu barədə millət vəkili Hikmət Babaoğlunun  Visiontv.az saytına açıqlaması:

"Ermənilər sülh prosesini ləngitməkdə davam edirlər. Bir tərəfdən humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Xankəndi – Ağdam yolunu beton bloklarla bağlayır digər tərəfdən Laçın Xankəndi yolunda blokada olduğunu iddia edirlər.

Əgər doğurdan da Qrabağda yaşayan ermənilərin problemi humanitar problemdirsə onda nəyə görə daha yaxın yol və daha səmərəli vasitələrlə humanitar yardım almağı əngəlləyir daha uzun və qeyri-hüquqi vasitələrlə bunu etməyə çalışırlar ? Elə bu müqayisədən də aydın görünür ki, onların problemləri və qayğıları humanitar məsələlər deyil. Tam əksinə, yenidən etnik separatçılıq yaratmaq cəhdləridir.

Azərbaycan isə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş etnik separatizm problemini birdəfəlik həll edib. Heç vaxt ikinci dəfə separatçılar üçün yenidən belə fürsət yaxalamaq imkanları verməyəcək. Hazırda isə ermənilər Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistan – Azərbaycan sərhəddində bir absurd siyasi teatr sərgiləməklə məşğuldurlar. Bu səhnəyə baxmaq üçün tamaşaçı qismində Avropa Birliyinin diplomatları cəlb olunublar.

Bu bir siyasi şoudur. Belə siyasi şantaj və təxribatlarla ermənilər heç nəyə nail ola bilməyəcəklər. Tam əksinə, mümkün sülh müqaviləsini imzalamamaqla Azərbaycanı məcbur edəcəklər ki, müqavilənin imzalanması üçün yeni həmlələr etsin. Biz sülhdə israrlıyıq və nə yolla olursa olsun onu əldə edəcəyik".

Bünyamin Bünyadzadə

Visiontv.az