“Bozqurd” işarəsinin yaranma və yayılma tarixçəsinin Türkeşlə bağlı hissəsinə mən də aydınlıq gətirmək istəyirəm
“Bozqurd” işarəsinin yaranma və yayılma tarixçəsinin Türkeşlə bağlı hissəsinə mən də aydınlıq gətirmək istəyirəm
11.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Bütün türklər üçün dəyərli olan “Bozqurd” işarəsinin yaranma və yayılma tarixçəsinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum lideri Alparslan Türkeşlə bağlı hissəsinə mən də bir qədər aydınlıq gətirmək istəyirəm.

UEFA-nın Merih Demirala qarşı məlum ədalətsizliyindən sonra bizim bəzi xəbər saytlarında belə bir informasiya tirajlandı ki, guya, bu işarə ilk dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Meydan hərəkatı zamanı yaranıb və rəhmətlik Alparslan Türkeş də guya bu işarəni ilk dəfə 1992-ci ilin mayın 3-də Bakının Azadlıq Meydanında keçirilən mitinq zamanı AXC-nin o vaxtkı fəallarından biri olan Xanım Xəlilovadan öyrənib.

Bir başqa iddia da var. Belə ki, 90-cı illərin əvvəllərində Bakı Dövlət Universitetində (BDU) təhsil alan və sonradan Türkiyəyə səfər edən Qaqauz (türk) tələbələri də öz növbəsində iddia edirlər ki, guya rəhmətlik Türkeşə “Bozqurd” əl işarəsini ilk dəfə məhz onlar öyrədiblər.

Lakin bu iddiaların heç biri əsl həqiqəti əks etdirmir.

Çünki biz Azərbaycandan bir qrup tələbə və müəllimlər olaraq istər 3 may 1992-ci il Azadlıq Meydanındakı məlum mitinqdən, istərsə də qaqauz tələbələrin Alparslan Türkeşlə görüşündən daha əvvəl (1991-ci ilin mayında) Türkiyədə keçirilən Beynəlxalq Atatürkü Anma Festivalında iştirak edərkən, Türkiyənin bir çox media və siyasi qurumları ilə yanaşı, MHP-nin gənclik təşkilatlarının, Ülkü Ocaqlarının (o vaxtkı ifadə ilə desək, bozqurdçuların) da qonağı olduq, onların ofislərini, mərkəzlərini, kamplarını ziyarət etdik, veteran MHP-çilərlə də görüşdük. Mənim dəqiq yadımdadır ki, həmin vaxt ülküçülər (türk millətçiləri) arasında “Bozqurd” əl işarəsi də, Bozqurd döş nişanları da, Bozqurd boyunbaģıları da çox geniş yayılmışdı.

Elə Azərbaycanın türkçü, millətçi gəncləri də həmin dövrdə Bozqurdla bağlı jestləri, simvolları, sloqanları məhz MHP-çilərdən, ülküçülərdən əldə edirdilər.

Bir sözlə, müstəqilliyimizin ilk illərində Bozqurdla bağlı ideoloji-siyasi anlayışlar, təsəvvürlər və davranışlar ilk dəfə bizdən Türkiyəyə yox, Türkiyədən bizə gəlib. Və bu da anlaşılandır. Çünki 70 il davam edən sovetlər imperiyası dönəmində bizə türklüklə bağlı hər şeyimizi tamamilə unutdurmuşdular.

P.S. Alparslan Türkeşin özü çağdaş siyasi türkçülüyün, ülküçülüyün, bozqurdçuluğun əsas ideoloqu (Başbuğu) olduğu və onun türk millətçiliyi ideyalarını bütün Türk dünyasında yaymaq üçün geniş fəaliyyət göstərdiyi bir vaxtda, “Bozqurd” işarəsini ona məhz bizim (o vaxt sovetin “şinel”indən yenicə çıxmış azərbaycanlıların və qaqauzların) öyrətməyimiz iddiası həqiqətən də absurd səslənir. Bu cür önəmli məsələlərlə bağlı heç bir təhrifə yol vermək olmaz.

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az