Bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir - Elvar Osmanov
30.07.2021

Dünyanı cənginə alan yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sürətlə davam edir. Artıq bir neçə müddətdir ki, ölkəmizdə COVİD-19 əleyhinə vaksinasiya aktiv fazaya keçib. Vaksinasiya bizim sağlam gələcəyimizin yeganə təminatıdır.

Bu sözləri Visiontv.az-a açıqlamasında Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov bildirib. O qeyd edib ki, vətəndaşlar peyvəndlənmə prosesində iştirak etdikcə yoluxma sayı azalacaq, həmçinin normal həyat tərzinə geri dönəcək.

"Azərbaycan dövləti isə hər zaman əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bir sıra qabaqlayıcı tədbirlər görür. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənlik siyasəti nəticəsində ölkəmizə daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır, həmçinin, yüksək səviyyədə təchiz edilmiş xəstəxanalar koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.

Dövlətimiz hər zaman əhalinin sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirir. Onu da qeyd etmək lazımdır ki, hələ bu gün  bir çox ölkələr COVID-19-a qarşı peyvənd əldə etməkdə çətinlik çəkdikləri halda Azərbaycan bu problemi Prezident İlham Əliyevin səyləri hesabına yüksək səviyyədə həll edib. Vətəndaşlarımıza isə yalnız bu şəraitdən bəhrələnmək qalıb. Çünki bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir. Bu gələcəyə sahib olmaq üçün isə ən doğru yolumuz kütləvi şəkildə peyvənd olunmaqdır. Gəlin unutmayaq ki, “Biz birlikdə güclüyük!” və yalnız bu birlik bizi bütün bəlalardan xilas edəcək və yeni uğurlara doğru aparacaq".