Biz Qarabağsız, Şuşasız yaşaya bilmərik
Biz Qarabağsız, Şuşasız yaşaya bilmərik
08.11.2022 Nəsib Məhəməliyev Tərəfindən

“Biz qayıdacağıq, inanın ki, qayıdacağıq. Biz Qarabağsız, Şuşasız yaşaya bilmərik”

Bəli, biz qayıtdıq. 

Tarix; 8 noyabr, 2020-ci il. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fəxri xiyabana gəlir və müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin qəbri önündə, ATA vəsiyyətini yerinə yetirdiyi barədə hesabat verir. 

“ƏZİZ ŞUŞA, SƏN AZADSAN! Biz səni yenidən quracağıq, dirçəldəcəyik”.  Yəqin ki, hər kəs mənimlə razılaşar. Dünyada ATA vəsiyyətini yerinə yetirməkdən, VƏTƏN torpaqlarını düşmən işğalından azad etməkdən müqəddəs heç nə ola bilməz. 

Oğul kimi ATA vəsiyyətini, Ali Baş Komandan kimi isə, müharibədə möhtəşəm QƏLƏBƏ qazanmaq, nadir şəxslərə, Allahın sevib seçdiyi bəndələrə nəsib olur. Qələbəyə gətirən yol isə, olduqca çətin, uzun və keşməkeşli olmuşdur. 

BMT TŞ-n 4 qətnaməsi, ATƏT-n Minsk qrupunun 30 illik ,,fəaliyyəti,, erməni işğalına son qoymadı. 1 milyona yaxın məcburi köçkünün acınacaqlı vəziyyəti beynəlxalq təşkilatların vicdanını ağrıtmadı. İkili standartlar, qlobal güclərin Ermənistana açıq və yaxud gizli dəstəyi problemin unudulmasına hesablanmışdı. Bir çoxları Qarabağın Ermənistana verilməsi ilə bağlı ölkəmizə təzyiqlər edirdi. Problemin müharibə yolu ilə həllinin olmadığını bildirirdilər. 

Belə bir mürəkkəb geosiyasi şəraitdə, Ali Baş Komandan mövcud riskləri boynuna götürdü və 27 sentyabrda Silahlı Qüvvələrə hücum əmrini verdi. 

44 günlük Vətən müharibəsinin hər bir günü kəndlərin, qəsəbələrin, yaşayış məntəqələrinin azad olunması ilə müşaiyyət olundu. Xalqımız hər gün saat 20-00 Aztv-n əsas xəbərlər proqramını səbirsizliklə gözləyir, ölkə Başçısının dilindən yeni ərazilərin azad olunmasını canfəşanlıqla bayram edirdi. 

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, nəhayət ki, Şuşa. Vətənin hər bir bölgəsi əzizdir. Ancaq, bəlli səbəblərdən, hər bir azərbaycanlının qəlbində Şuşanın özünəməxsus yeri var. Şuşasız Qələbəmiz yarımçıq olacaqdı. Düz deyirlər; Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz. 

Şuşa, coğrafi baxımdan da strateji əhəmiyyət daşıyır.

Məhz, Şuşanın azad olunması, düşməni məcbur etdi ki, 10 noyabr kapitulyasiya aktını imzalasın və Laçın, Kəlbəcər və Ağdam rayonlarından çıxsın. 

Şuşa əməliyyatı, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bir çox ölkələrin hərbi məktəbləri, Şuşa əməliyyatı, eyni zamanda Azərbaycan Ordusunun, ən müasir silahlardan, pilotsuz döyüş aparatlarından istifadə etməklə, 21-ci əsrin müharibəsinin necə aparıldığı təcrübəsini öyrənilir. 

Müharibə təkcə döyüş meydanlarında deyil, paralel olaraq, diplomatik masada, informasiya müstəvisində aparılır. Nəzərə almaq lazımdır ki, hər iki sahədə ənənəvi olaraq, ölkəmizə qarşı ayrı-seçkilik siyasəti aparılmışdır. Fransa prezidenti Makronun və bəzi beynəlxalq təşkilatların, guya ki, Azərbaycan tərəfdən hansısa muzdluların döyüşdüyü barədə zənglərini xatırlamaq kifayətdir.  

Prezident İlham Əliyev döyüşən ordunun idarə edilməsi ilə yanaşı, informasiya müharibəsinin də önündə gedir, 30-dan çox müsahibələrində və iştirak etdiyi teledebatlarda erməni təbliğat maşınını darmadağın etdi. Prezidentin yüksək peşəkarlığı, diplomatik qabiliyyəti, hətta bədxahlar tərəfindən belə rəğbət qazandı. 

Qarabağ Zəfərini şərtləndirən əsas səbəblərdən biri, Milli  birliyin olmasıdır. 10 milyonluq xalq, sosial statusundan, siyasi əqidəsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkə Başçısının ətrafında  yumruq kimi birləşdi. 

İkincisi, inkişaf etmiş iqtisadiyyatın, maliyyə resurslarının  olması. 

Ən əsası isə, həm milli birliyi, həm də iqtisadi inkişafı təmin edən güclü Liderin olması. Müasir dövrdə, beynəlxalq münasibətlər, təhlükəsizlik sistemini mükəmməl bilən güclü Lider olmadan müharibəni udmaq qeyri-mümkündür. Ona görə də, hər birimizin sınmış qürurunu bərpa edən, Azərbaycanı məğlub ölkədən, Qalib ölkəyə çevirən Möhtəşəm tarixi Qələbənin memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir. 

Qarabağ Zəfəri Azərbaycanın nüfuzunu birə yüz artırdı. Türk Dünyasında, eləcə də İslam coğrafiyasında özünə inam hissi formalaşdırdı. 

Qarabağ Zəfərində iki il ötür. 

İki il ərzində, hər hansı xarici maliyyə dəstəyi olmadan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan mina təmizləmə əməliyyatları,  tikinti-quruculuq-bərpa işləri, infrastruktur layihələri, beynəlxalq hava limanları, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. 

Əziz həmvətənlər!

Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər birinizi, Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, minilliklər boyu, gələcək nəsillərimizin qürur mənbəyinə çevrilmiş ZƏFƏR BAYRAMINIZI təbrik edirəm. 
Vətənimizə əmin-amanlıq, təmiz səma, Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə, veteranlarımıza san sağlığı arzulayıram. 

Zəfərlərimiz bol olsun!!!

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az