"Biz dava etməklə bir şeyə nail ola bilmərik"
13.08.2025

İran prezidenti Məsud Pezeşkianın Qərblə danışıqlar barədə verdiyi son açıqlama siyasi dairələrdə və mediada ona qarşı hücumların görünməmiş miqyas almasına səbəb olub.

Diqqəti çəkən məqam budur ki, əgər əvvəllər Pezeşkian əsasən ifrat mühafizəkar cərəyanın tənqidlərinə məruz qalırdısa, indi bir sıra mötədil və islahatçı qüvvələr də bu kampaniyaya qoşulub. Məsələ belədir ki, avqustun 10-da ölkədə qeyd olunan “Jurnalist günü” münasibətilə Pezeşkian hökumətin bəzi üzvləri ilə birlikdə media rəhbərləri və nümayəndələri ilə görüşüb və həmin görüşdə etdiyi çıxışda İranı ciddi iqtisadi çətinliklərə düçar edən sanksiyaların qismən də olsa aradan qaldırılması üçün Qərblə müzakirələrin vacibliyindən danışıb. O, eyni zamanda Qərblə, ilk növbədə ABŞ ilə danışıqlara görə hökuməti tənqid edən və müzakirələrin əleyhinə çıxan qüvvələrə müraciətlə deyib: “Heç kəs deyə bilməz ki, əgər mən danışıqlar aparıramsa, gedib təslim oluram. Təslim olmaq bizim təbiətimizdə yoxdur. Amma mənim inamım budur ki, biz dava etməklə də bir şeyə nail ola bilmərik. Kim deyib ki, danışmaqdan qorxmalısan? Danışmıram, müzakirə aparmıram, yaxşı bəs nə etmək istəyirsən? Müharibə etmək istəyirsən? Axı gəldi bizi vurdu! İndi gedib düzəltsək, yenidən gəlib vuracaq. Bunlar elə məslələrdir ki, onlara emosiyalarla yanaşmaq olmaz”. Aydındır ki, Pezeşkian burada iyun ayında İsraillə 12 günlük müharibə zamanı ABŞ aviasiyasının İranın nüvə obyektlərinə zərbə endirməsindən söz açıb və diplomatik yollarla anlaşma əldə olunmayacağı təqdirdə, bu zərbələrin təkrar oluna biləcəyinə işarə edib.

visiontv.az