Zamanında min bir əziyyətlə qurub-yaratdığımız enerji infrastrukturu hazırda Bakını Xəzərin enerji qovşağına çevrilməsi ilə nəticələndi. Türkmənistan, Qazaxıstan və Özbəkistan üçün Bakı istiqaməti özlərinin enerji mhsullarının bir hissəsini dünya bazarlarına çıxartmağın sərfəli və qısamüddətli yoluna çevrilir.
SOCAR-ın bu gün ictimailəşdirdiyi məlumata görə, Xəzərdəki “Kaşağan” yatağından çıxarılan Qazaxıstan neftinin ilk partiyası (6 min ton) Səngəçal terminalına (Bakıdan 42 km cənubda) çatdırılıb.
İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinə (KMG-nin törəmə şirkəti) məxsus “Taraz” tankeri ilə daşınıb.
Bundan sonra neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinə başlanacaq.
Qeyd edim ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra rəsmi Astana neft ixrac marşrutlarını diversifikasiya etmək qərarına gəlib. Bu baxımdan, ötən il “Tengiz” yatağından artıq 1,5 milyon ton neft Azərbaycan vasitəsilə dünya bazarlarına göndərilib. Yaxın illərdə Qazaxıstan Azərbaycan ərazisindən neft tranzitinin həcmini 2,2 milyon tona çatdırmağı planlaşdırır.
İlham Şaban
visiontv.az