Azərbaycanı qoruyan yeganə ölkə Türkiyədir, o da NATO tərəfdaşlarının təzyiqi altındadır
Azərbaycanı qoruyan yeganə ölkə Türkiyədir, o da NATO tərəfdaşlarının təzyiqi altındadır
19.11.2021 Ərəstun Oruclu Tərəfindən

Prezident Vladimir Putinin dünən ölkəsinin xarici işlər nazirliyinin geniş tərkibdə toplantısındakı çıxışı Rusiyanın aktiv fəaliyyət fazasının başlanmasının anonsu idi.

Onun Azərbaycan-Ermənistan sərhədlərində qarşıdurma və Rusiya "sülhməramlılarının" rolu barədə dedikləri isə həmin aktiv fəaliyyət fazasının hədəflərindən birini - Azərbaycanı göstərməsi kimi qəbul olunmalıdır.

Digər hədəf Ukrayna, ardınca da Polşa olacaq. Belarus-Polşa sərhəddində yaradılmış miqrant böhranı buna hazırlıq xarakterli addım ola bilər. İndi qalır Ukrayna-Rusiya sərhəddində nəsə törətmək.

Bu günlərdə Rusiya mediası Azərbaycan-Gürcüstan sərhəddində də qarşıdurma olacağı anonsunu vermişdi.

Görünən budur ki, Moskva budəfəki həmləsini sərhəd münaqişələri əsasında qurub.

Moskvada hər şeyi dəqiq hesablayıblar: Belarusla Polşa arasında münaqişə başlanacağı halda NATO və Avropa Birliyi zəruri addımlar atmaq əvəzinə uzun-uzadı müzakirələr açacaq.

Azərbaycanı qoruya bilən yeganə ölkə Türkiyədir ki, o da elə öz NATO tərəfdaşlarının təzyiqi altındadır. Avropa Birliyinin aparıcı dövlətləri bu gün Rusiyanın rəqibindən daha çox tərəfdaşı kimi davranırlar.

Görünür, elə bu səbəbdən də Ukrayna öz hərbi tərəfdaşı kimi məhz Türkiyəni seçib. Ukraynanın ərazi bütövlüyünü qorumaq barədə beynəlxalq öhdəliyi olan ABŞ, Fransa və Böyük Britaniya kimi ölkələrin davranışı ilə bağlı acınacaqlı təcrübəsi olan Kiyev torpaqlarının və suverenliyinin növbəti dəfə mübadilə predmeti olmasını istəmir.

Politoloq Ərəstun Oruclu

Visiontv.az