Azərbaycanın xarici siyasət kursuna diqqət çəkdikdə görərik ki, ölkəmiz təkcə yerləşdiyi regionda deyil, bütövlükdə beynəlxalq aləmdə sülhün, əməkdaşlığın tərəfdarıdır.
Heç vaxt qonşu xalqların, dövlətlərin ərazisində gözü olmayan Azərbaycan BMT prinsiplərinə uyğun olaraq ölkələrinin dövlət sərhəddlərinə hörmətlə yanaşıb və hazırda da yanaşmaqdadır. Lakin təəsüflə deməliyik ki, ölkəmizin sərgilədiyi bu ədalətli mövqeyə qarşı heç də hər zaman adekvat münasibət görməyib.
Bədnam qonşumuz olan Ermənistan zaman-zaman ölkəmizə qarşı torpaq iddiaları ilə çıxış etmiş və hamımıza bəlli olduğu kimi 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizini işğal altında saxlamışdır. Xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, Azərbaycan süni şəkildə yaradılmış bu problemin həllində daim sülhün tərəfində olmuş, tarixi və hüquqi ərazilərimizin sülh yolu ilə geri qaytarılmasına çalışmış və beynəlxalq birliyi buna çağırmışdır.
Ancaq zaman göstərdi ki, düşmən və onun havadarları eyni düşüncədə, eyni maraqda deyil. Bizlər hətta son dövrlərdə rəsmi İrəvanın bir az da irəli gedərək daha böyük iddialarla yaşadığının şahidi olduq. Bütün bunlar sonda ölkəmizin problemin həllində alternativ yola, hərb yoluna keçilməsini qaçılmaz etdi. Məlum olduğu kimi düşmən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun önündə cəmi 44 gün davam gətirə bildi. Qürurvericidir ki, cənab Prezident bu gün bölgədə əbədi sülhün və təhlükəsizliyin ən böyük qarantına çevrilib. Azərbaycan savaşdan qalib ayrılan dövlət olaraq məğlub olan tərəfə öz sülh əlini uzadıb.
Ermənistan bu təklifi dəyərləndirsə regionda davamlı sülhün, sabitliyin bərqərar olmasından danışmaq olar. Gerçəkləri düzgün qiymətləndirən sadə erməni xalqı sülh razılaşmasının tərəfdarı olsa da Ermənistanda hakimiyyətdə olan və onlara havadarlıq edən bəzi xarici dairələr buna hər yolla mane olmağa çalışırlar. Rəsmi İrəvanın beş il öncə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdən boyun qaçırması və ya yayınması sonda onları çıxılmaz vəziyyətə sala bilər. yenidən müxtəlif vasitələrlə təxribata əl atmağa cəhd edirlər. İnanırıq ki, istənilən halda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacaqdır.
Bu günlərdə nüfuzlu “Euronews” televiziya kanalına müsahibə verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dünya nizamının yenidən formalaşdırılmasına ciddi ehtiyacın olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Beynəlxalq birliyin üzvü kimi Azərbaycanın da bu nizamın formalaşdırılmasında ciddi töhfələrlə çıxış etdiyini vurğulayan Ölkə başçısı dünya xalqlarını sülhə, bərabərliyə, mühriban qonşuluğa, bir-birinin işinə qarışmamağa səslədi.
Sərxan Talıbov;
Neftçala rayon ağsaqqalı