Azərbaycan – Qazaxıstan: etibarlı qardaşlar, qədim dostlar və Xəzər qonşuları...
Azərbaycan – Qazaxıstan: etibarlı qardaşlar, qədim dostlar və Xəzər qonşuları...
13.04.2023 Qənirə Paşayeva Tərəfindən

Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 10-da qardaş Qazaxıstan Respublikasına rəsmi səfəri ən yeni dönəm tariximizin əlamətdar, önəmli hadisələrindəndir.

Bu əlamətdarlıq yalnız ona görə deyil ki, səfər uğurlu keçib, çoxsaylı mühüm sənədlər imzalanıb, həm də ona görə ki, ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi dövlət səfərinin, həmin səfərdən sonra, liderlərin müxtəlif beynəlxalq tədbirlərdə birgə iştirakının ardınca, bu səfər, necə deyərlər, tamamlayıcı, bağlayıcı, ümumiləşdirici səfər mahiyyətindəydi. Bu səfərdən sonra, qardaşlıq dünyamızda daha yeni səhifələr açılmış olacaq. Bildiyimiz kimi, 2022-ci ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı “Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında” Bəyannamə imzalanmışdı. Belə bir mühüm sənəd münasibətlərin daha da dərinləşməsini nəzəri-metodoloji müstəvidən praktik müstəviyə keçirilməsini, necə deyərlər, real müstəvi üzərində maddiləşdirilməsini doğururdu.

Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə malik ölkədir. Beynəlxalq arenada müzakirə olunan mövzular, özəlliklə təhlükəsizliklə bağlı məsələlər davamlı diqqət, prinsipial mövqe, səhih –  ölçülü-biçili yanaşma tələb edir: “Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir”.

Onu da vurğulayaq ki, hazırda hər iki qardaş ölkənin aid olduğu geopolitik məkanda baş verən hadisələr fonunda qardaşların məsləhətləşməsi, strateji işbirliyini daha da dərinləşdirməsi, əlbəttə, tarixi hadisədir: “Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəm­lətməyi diktə edir”.
Ayrıca, bu il Azərbaycan Respublikasında “Heydər Əliyev İli”dir və məhz bu il qardaş ölkənin paytaxtındakı önəmli küçələrdən birinə Türk dünyasının böyük şəxsiyyəti, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi, bu əlamətdar hadisəyə həsr olunmuş mərasimin iki liderin iştirakı ilə baş tutması, əlbəttə, qürurverici hadisədir. “Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq”. – Bəli, Türk Dövlətləri Təşkilatı günbəgün öz nüfuzunu artırır, regional və beynəlxalq arenada mühüm faktora çevrilir.

2023-cü il Azərbaycan və Türk dünyası üçün başqa bir əlamətdarlığa da malikdir: azad olunması Ümumummilli liderin indiki Azərbaycan Prezidenti İlham Əliyevə ən əsas vəsiyyəti olan Şuşa şəhəri Türk dünyasının Mədəniyyət paytaxtıdır. Heç təsadüfi deyil ki, qardaş ölkələrimiz arasında imzalanmış yeni sənədlərdə mədəniyyətə, mədəni irsə, mədəniyyət-incəsənət üzrə mübadiləyə dair müddəalar da vardır: “Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”.

Beləliklə, Prezident İlham Əliyevin Astanada mətbuata verdiyi bəyanatda bu və digər önəmli məqamlara xüsusi vurğular vardı.
Coğrafi mövqeyinə görə yalnız Qazaxıstanın deyil, sanki Avrasiyanın paytaxtı statusunda olan Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu öndərin xatirəsinə, bütövlükdə Azərbaycan xalqına sayğının, əbədi qardaşlığın, sarsılmaz dostluğun, mehriban qonşuluğun parlaq əlamətidir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin Astanada mətbuata bəyanatında vurğuladığı kimi, Qazaxıstan Prezidentinin Azərbaycanın 2020-ci ildə Ermənistanın işğalından azad etdiyi Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazının adın daşıyan Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü qardaş xalqlarımız arasında möhkəm dostluğun rəmzidir: “Bu, Mərkəz Qazaxıstanın Azərbay­cana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Bəyanata istinadən digər önəmli istiqamət kimi, müttəfiqlik münasibətlərinin dərinləşməsini, yeni məzmun qazanmasını deyə bilərik. Prezidentin dediyi kimi, 10 apreldə imzalanmış Bəyannamə qardaş ölkələrimizin əlaqələrinin və müttəfiqlik münasibətlərinin möhkəmlən­məsinə yönəlib: “Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir”.

Prezident qeyd etdi ki, Azərbaycan-Qazaxıstan müttəfiqlik münasibətləri konkret məzmunla zənginləşdirilir: “Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edir”.

Azərbaycan Prezidenti beynəlxalq müstəvidə qarşılıqlı dəstək amilinə də toxundu. İlham Əliyev vurğuladı ki, qardaş ölkələrimiz beynəlxalq platformalarda fəal əlaqədədir, bütün məsələlərə dair qarşılıqlı dəstək nümayiş olunur. Belə beynəlxalq dəstək özəlliklə ölkələrimizdən yalnız birinin üzv olduğu təşkilatlarda verilən dəstəklə yüksək əyara, fövqəladə önəmli dərəcəyə çatdırılır: “Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir”.

Bəli, qardaş Qazaxıstanla, eləcə də, digər qardaş ölkələrlə dostluq, strateji müttəfiqlik, dərin işbirliyi, bir sözlə, sarsılmaz qardaşlıq münasibətləri əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən çox vacib amildir. Azərbaycan Prezidenti Astanadakı bəyanatında bu amili həyati zərurət olaraq dəyərləndirdi.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Visiontv.az