Azərbaycan kimin müttəfiqidir: Rusiyanın, yoxsa Türkiyənin?
Azərbaycan kimin müttəfiqidir: Rusiyanın, yoxsa Türkiyənin?
24.02.2024 Bəybala Mirzəyev Tərəfindən

Son üç ildə regionda və dünyada baş verən, bütün geosiyasi paradiqmaları və konstruksiyaları alt-üst edən və tarixin gedişatını dəyişən köklü hadisələrdən sonra, Emmanuel Makron Fransa üçün Cənubi Qafqazda üç düşmən (Azərbaycan, Türkiyə və Rusiya) qaralayıb və iki müttəfiq (Ermənistan və Gürcüstan) "təyin" edib.

Lakin Makronun idbarlığına yaxşı bələd olan Ankara və Bakı fransız liderin siyasi-psixoloji müstəvidə bütün hücumlarına, manevrlərinə təmkinlə reaksiya verir. Moskva isə bizdən fərqli olaraq istər Paşinyanın Münhendəki anti-Rusiya açıqlamalarına, istərsə də Fransa və Ermənistanın Cənubi Qafqazda Rusiya əleyhinə hazırladığı birgə plana qarşı həddindən artıq emosional və ağrılı reaksiya verir. 

Kremlin tezisləri əsasında çıxış edən və açıqlama verən propaqandist politoloqlar və jurnalistlərin reaksiyaları isə, mən deyərdim ki, bu günlərdə hətta isterik həddə çatır. 

İqor Korotçenkonun, Modest Kolerovun, Sergey Markovun, Sergey Markedonovun, Konstantin Zatulinin və digər Kremlyönümlü ekspertlərin əllərində imkan olsa, bu saat Nikol Paşinyanın qanını qaşıqla içərlər. Onların açıqlamalarındakı qəzəbli ton artıq Rusiyanın həqiqətən də Ermənistandan əlini üzdüyünü göstərir.  

S.Markovun və M.Kolerovun bir-birini təkzib edən açıqlamaları isə mənim diqqətimi daha çox çəkdi. 

Rusiya Siyasi tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Rusiyanın Cənubi Qafqazdan qovulması və bölgədə fransız hərbi bazalarının yerləşdirilməsinə dair “sui-qəsd” planını şərh edərkən bildirib ki, Ermənistanın KTMT-da üzvlüyünü dondurması və Gümrüdəki rus bazasının çıxarılmasına hazırlaşması Ermənistan rəhbərliyi tərəfindən Rusiyaya qarşı xəyanətdir. 

Sitat:
“Paşinyan və Makron faktiki olaraq Rusiyanı Cənubi Qafqazdan qovmaq, əvəzində isə Fransa hərbi bazalarını yaratmaq üçün gizli plan cızıblar. İndi Rusiyanın Cənubi Qafqazda əsas dostu, müttəfiqi Azərbaycandır”. 

S.Markovun sonuncu cümləsi ibrətamizdir. Azərbaycanın həqiqi dost və etibarlı müttəfiq olduğunu Rusiyanın hakim elitası və siyasi isteblşmenti nəhayət ki, gec də olsa başa düşməyə və etiraf etməyə başlayıb. 

Lakin bu gecikmiş etiraf Azərbaycana lazımdırmı? 

Azərbaycan xalqı kinli deyil, lakin yaddaşı kifayət qədər güclüdür. Son 200 ildə (və xüsusən də son 30 ildə) Ermənistanın əli ilə başımıza gətirilən bütün müsibətlərin arxasında məhz Kremlin dayandığını bu gün hər bir azərbaycanlı yaxşı bilir. Ona görə də küncə sıxışdırılan kimi dərhal Azərbaycanın sadiq dost və müttəfiqliyini xatırlayan və xatırladan Rusiyaya etibarlı müttəfiq kimi baxmırıq. 

Bizim yeganə etibarlı dostumuz və təbii-tarixi müttəfiqimiz Türkiyədir. Digər ölkələrə qarşı isə məhz onların davranışına uyğun olaraq adekvat şəkildə davranırıq. Bunu Rusiyanın özündə də bəzi realist analitiklər aydın dərk edirlər. Bu baxımdan Modest Kolerovun açıqlaması daha rasional və düşündürücüdür. 

Sitat:
"Münhen konfransı Paşinyanın Rusiyadakı reputasiyasına və İrəvanla Moskva arasında münasibətlərin erkən pozulma ehtimalına yeni heç nə əlavə etmədi. Bu, qaçılmazdır və bunun üçün yeni səbəblərə ehtiyac yoxdur. Paşinyan Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını dedi və bu, çoxdanın məlum xəbəridir. İrəvandan başqa hamı artıq başa düşüb ki, Nikol Rusiya ilə münasibətləri pozub. Növbəti addım KTMT-dən çıxmaq və Rusiya bazasının Ermənistandan çıxarılması olacaq. İlk addım KTMT sessiyasının Ermənistandan kənarda keçirilməsi təşəbbüsü oldu".

İlham Əliyevin də analoji bəyanatla çıxış edərək Ukraynanın ərazi bütövlüyünü tanıdığını deməsinə münasibət bildirən M.Kolerov Azərbaycanla Çun arasında olduqca maraqlı müqayisə aparıb və qeyd edib ki, Çin də oxşar bəyanatlar verir. 

"Amma bunu bacaran ölkələr də var, bacarmayanlar da. Belə bəyanatları Çin verə bilər, Ermənistan yox. Azərbaycanla bağlı fikirlər fərqlidir. Son iki ildə Bakı və İrəvandan bizim müharibə ilə bağlı belə bəyanatlar praktiki olaraq sıfıra endirilib. Hətta Çinin nəzakətli neytrallığı belə vəziyyətə təsir edə bilməz", Kolerov deyib. 

Rusiyalı politoloq daha sonra Azərbaycanla Ermənistan arasında müqayisə apararaq, Rusiyanın indiki kritik məqamda Azərbaycanla münasibətləri kəsməyə hazır olmadğını etiraf edib.  

Sitat:
"Rusiya Bakı ilə münasibətləri kəsməyə hazır deyil, çünki bizim Bakı ilə ümumi sərhədimiz var, Ermənistanla isə ümumi sərhədimiz yoxdur. Əliyevin bütün bu Qərb platformalarını rədd etdikdən sonra Münhenə getməsini onun manevri kimi görürəm. O, heç vaxt Qərblə kəskin qırılma nöqtəsinə getməyəcək. Azərbaycan Rusiyanın müttəfiqi olmayacaq. Bakı NATO üzvü olan Türkiyənin müttəfiqidir”.

Bu sitatdan da göründüyü kimi ermənipərəst politoloq Modest Kolerov məsələyə bir xeyli dərəcədə realist yanaşır və əksər məqamlarda haqlıdır. 

Lakin bütün bu deyilənlərə onu da əlavə etməliyik ki, bu gün istər Azərbaycanın, istərsə də digər postsovet ölkələrinin və hətta Çinin də Rusiyaya etibarlı müttəfiq kimi baxmamasının tək müqqəssiri məhz Kremlin özüdür. Putinin yürütdüyü sürüşkən siyasət Bismarkın Rusiya haqqında söylədiyi həqiqəti doğrudan da zaman-zaman təsdiqləyir. 

Dərd burasındadır ki, heç Qərb də etibarlı müttəfiq deyil. Nə ABŞ, nədəki Avropa İttifaqı (Aİ) öz müttəfiqlərinə qarşı sabit münasibət sərgiləmir. Ukraynanın hazırkı acınacaqlı durumu da bunu təsdiqləyir. 

Əslində Rusiya və Qərb eyni medalyonun astarı və üzüdür. Ona görə də rəsmi Bakı bu qütblərin hər ikisi ilə də münasibətlərdə müəyyən məsafə saxlayır, balans siyasətindən çıxış edir. Bu da hazırkı təlatümlü və dəyişkən dövr üçün ən optimal taktikadır. 

P.S. 
Azərbaycan və Türkiyə isə Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi qarşıdakı dövrdə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcək.

Bəybala Mirzəyev

Visiontv.az