“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunacaq – FOTO
01.02.2025

“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı 07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində “Lacinema” Kino Mərkəzində baş tutacaq.

Filmin azad olunmuş torpaqlarımızda yayımlanmasının məqsədi isə “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqları, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini tanıtmaqdır.
Xatırladaq ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir. Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alıb. 

Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.

Qeyd edək ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin Qala gecəsi 03 dekabr 2024-cü ildə Heydər Əliyev Mərkəzində baş tutub.

visiontv.az



Gündəlik

slide 9 to 12 of 8