Almaniya ilə Fransa: Xeyir və Şər rolunda...
Almaniya ilə Fransa: Xeyir və Şər rolunda...
01.03.2024 Bəybala Mirzəyev Tərəfindən

Almaniyanın xarici işlər naziri, xanım Annalena Berbokun araçılığı ilə 28-29 fevral 2024-cü il tarixində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində, Villa Borsig-də aparılan danışıqlar nəyə xidmət edirdi?

İki gün davam edən danışıqların sülh prosesində nəsə ciddi dönüş prosesi yaradacağını əlbbəttə ki, heç kim gözləmirdi. Və bu heç mümkün də deyildi. Çünki Ermənistan bu aralar Fransanın katalizator-türkəfob prezidenti Emmanuel Makronun müdaxiləsi nəticəsində sülh prosesindən ciddi şəkildə uzaqlaşıb.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Əliyev-Paşinyan görüşündən sonra yeni normallaşma prosesinə start verilsə də, lakin həmin görüşdən dərhal sonra Parisə çağrılan və Yelisey Sarayından birbaşa Makrondan təlimatlar alan Nikol Paşinyan fransız mediasına verdiyi müsahibəsində Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirməklə sülh prosesinin növbəti dəfə “dalan”a girməsinə səbəb oldu.

Ancaq görünən budur ki, Almaniyanın özünün yeni missiyasından – tərəfləri bir araya gətirmək və onları sülhə yaxınlaşdırmaq hədəfindən asanlıqla əl çəkmək fikri yoxdur. Moskva, Paris, Vaşinqton və Brüsselin vasitəçilik təşəbüslərinin onların öz günahı üzündən fiasko ilə nəticələnməsindən sonra aparılan sülh danışıqlarında bir müddət fasilə yarandı. Bunu vasitəçilər “klub”unda boşluq yaranması kimi də başa düşmək olar.

Və budur, Almaniya yaranmış boşluqdan istifadə edib təşəbbüsü ələ almağa, yaranmış boşluğu doldurmağa başlayıb. Düzdür, Almaniya rəsmi şəkildə vasitəçiliyə iddia etmir. O, yalnız ev sahibi rolunda, təşkilatçı qismində çıxış edir və neytral mövqe tutduğunu bəyan edir.

Bu da yeni formatdır və bu format Bakını qane edir.

Son iki gündə Azərbaycan ilə Ermənistan XİN başçıları və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelərin müzakirəsi onu göstərdi ki, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ciddi ehtiyac var və real sülhə nail olunması istiqamətində hələ çox iş görülməlidir.

Almaniyanın xarici işlər naziri Annalena Berbokun da bildirdiyi kimi hazırda Bakı və İrəvan sülhə doğru çətin yolla gedir və bu gün onların arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. Əsas odur ki, danışıqlar prosesi “ölü nöqtə”dən tərpənib və ilkin kövrək irəliləyişlərin işartıları müşahidə olunur. Və bu cür görüşlər də ilk növbədə tərəflər arasında etimadın bərpa olunmasına xidmət edir.

Əfsuslar olsun ki, Almaniyanın sülhyaratma səylərinə paralel olaraq, Fransa da bölgəmizi müharibəyə sürükləmə siyasətini gün-gündən daha da gücləndirir, müharibə üçün media vasitəsilə fon yaratmağa çalışır. Başqa sözlə desək, Makron hazırda gələcək müharibənin "piar"ını aparmaqla məşğuldur.

Ancaq ümid edək ki, Fransa kimi, Avropa Parlamenti (AP) kimi xain güclər bu dəfə danışıqlar prosesini sabotaj etməyə nail ola bilməyəcək. Hərçənd ki, bunun üçün onların kifayət qədər böyük potensialı, resursları və təcrübəsi var. Xüsusən də Almaniyanın araçılığına həddindən artıq qısqanclıqla yanaşan Emmanuel Makron Münhendə başladılan və Berlində davam etdirilən yeni normallaşma prosesini var gücü ilə pozmağa çalışacaq.

Müşahidələr onu göstərir ki, Fransa prezidentini dayandıra biləcək heç bir “qırmızı xətt”lər, mənəvi dəyərlər yoxdur. Daxili və xarici siyasətdə üzləşdiyi uğursuzluqların yaratdığı panik basqı nəticəsində gün-gündən daha da quduzlaşan və kin qusan Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı kövrək sülh təmaslarının qanlı döyüşlərlə əvəzlənməsi üçün bu aralar istənilən təxribata əl ata bilər. Onun Aİ-nin baş diplomatı Cozep Borelin dili ilə dövriyyəyə buraxdığı “Azərbaycanın Ermənistana hücum edəcəyi” barədə təxribatçı şayiəsi də məhz buna hesablanıb.

Fransanın “Vətənpərvərlər” Partiyasının rəhbəri Florian Filipponun söylədiyi kimi Makron bu aralar yatıb yuxu görür və özünü hərbi sərkərdə kimi, müharibə allahı kimi aparmaq istəyir. Bir sözlə, Makron İblis rolunu üzərinə götürüb. Amma bu rolu uğurla oynamaq Makronun başı üçün deyil.

Kissincerin sözü ilə desək, Makron böyük oyunları oynaya bilmək üçün həddindən artıq kiçik fiqurdur. Son günlərin müşahidələri də onu göstərir ki, Makron Qərbin əzəmətli görünməyə can atan ən pis, ən zəif lideridir. Və proseslər bu gedişlə davam edərsə, birazdan Makron Avropanın “Axilles dabanı”na çevriləcək...

P.S.

Tarixin ironiyasına baxın, vaxtilə bir-birinə qarşı dəfələrlə amansız müharibələr aparmış və bir-birinin ərazilərini zəbt etmiş Avropanın iki aparıcı dövlətinin biri bu gün Cənubi Qafqazda Xeyirin, digəri isə Şərin təmsilçisi kimi çıxış edir. Əslində Fransa da Almaniyaya qoşulmalı və hər ikisi birlikdə Xeyir obrazında çıxış etməli, 1945-ci ildən sonrakı dinc qonşuluq təcrübələrini Ermənistan və Azərbaycanla bölüşməliydi. Bu, sülhə ən böyük töhfə olardı.

Bəybala Mirzəyev

visiontv.az