"Ağduzdağ qızıl yatağı"... Qarabağ inciləri...
"Ağduzdağ qızıl yatağı"... Qarabağ inciləri...
26.04.2023 MEDİA Tərəfindən

Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzhürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir.

Ağduzdağ yatağı E.S.Süleymanovun (1982-ci il) təsnifatına görə damar tipli olub vulkanoqen-hidrotermal mənşəlidir.

Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Geoloji quruluşunda intensiv dəyişilmiş alt təbaşir və zəif dislokasasiyaya uğramış üst təbaşir çöküntüləri iştirak edir.

Ağduzdağ filiz sahəsinin geoloji strukturu onun iri Keytidağ vulkan-tektonik strukturuna bağlılığı ilə müəyyən edilir. Bu tektonik struktura vulkan çökmə kalderasına aiddir. Keytidağ kalderası vulkan-tektonik çökmə tipli olmaqla bir tərəfdən mərkəz tipli intensiv vulkan püskürməsi, digər tərəfdən isə ərazinin əyilməsi nəticəsində əmələ gəlib.

Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayaılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır.

Filiz kütlələri ştokverk tipli morfologiyaya malikdir. Yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılmışdır. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15–20 m-dən 2 km-ə, eni isə 150–200 m-ə qədərdir.

Ağduzdağ qızıl yatağının mineraloji tərkibi kifayət qədər sadə olmaqla aşağıdakı minerallardan təşkil olunmuşdurː hipogen filiz minerallarıː sərbəst qızıl, sərbəst gümüş, altait, pirit, xalkopirit, sfalerit, aykinit, hematit, maqnetit, rutilː hipergen filiz mineralları- hetit, hidrohetit, lepidokrit, hematit, bornit, kovellin, malaxit və azuritː damar mineralları- kvars, kalsit, siderit, ankerit.

Filiz sahəsi hüdudlarında Şirvan, Keytidağ, Ağduzdağ, Zəylik, Vaqif, Sabir, Füzuli və s. digər bir-birindən təcrid olunmuş qızıl təzahürləri mövcuddur. Bu təzahürlər məkanca bir-birinə yaxın yerləşən vahid Ağduzdağ yatağını əmələ gətirirlər və Keytidağ kalderası hüdudlarında qövsvari yerləşirlər. Ağduzdağ yatağının proqnoz qızıl ehtiyatları təxminən 20 tondan çoxdur.

Şirvan filiz sahəsi ən perspektivli təzahürdür. Şirvan təzahürü zonasında intensiv kvarslaşma süxurları və qızıl daşıyan kvars damar və damarcıqları geniş yayılmışdır. Filizə nəzarətedici struktur elementi kimi riolit və riodasit tərkibli daykalar əsas rol oynayır.

Keytidağ filiz təzahürü filiz sahəsinin şimal hissəsində yerləşərək andezit dasitlərdən, riodasitlərdən və onların tuflu brekçiyalarından təşkil olunub. Filiz kütlələrinin qalınlığı 0,2–1,5 m (bəzən 7 m-ə qədər), uzunluğu isə 100–200 m-dən 1,5 km-ə qədərdir. Filiz kütlələri kvars damarları və damarcıqları formasındadır. Narın dənəli kvarslar qəndəbənzər, duruzaşəkilli, brekçiyavari və lövhəvari növləri ayrılır. Qızılın sənaye konsentrasiyası əsasən duruzvari kvarsla əlaqədardır. Qızılın yüksək konsentrasiyası tufoqen əmələgəlmələrdə müşahidə olunur.

Ağduzdağ təzahürü bir-birinə paralel yerləşmiş meridional istiqamətli filiz zonaları ilə təmsil olunub. Zonaların qalınlığı 0.3 m-dən 2 m-ə qədərdir.

Zəylik filiz təzahürü eyniadlı çayın orta axımında yerləşib. Qızıl minerallaşması zəif piritləşmiş törəmə kvarsitlərlə əlaqədardır. Törəmə kvarsitlər tektonik proseslər nəticəsində tufogen süxurların intensiv dəyişməsindən əmələ gəlmişdir.

Ağduzdağ filiz sahəsi sadə mineral tərkibə malikdir. Filiz damarında əsas mineral kvarsdır (95–98 %). İkinci dərəcəli minerallardan (pirit, xalkopirit, sfalerit, qalenit, maqnetit, sərbəst qızıl, altait, aykinit, civə və s.) təmsil olunmuş filiz minerallarının payına ümumi filiz kütləsinin 2–3 %-i düşür. Qızıl iki generasiyaya malikdir. Tərkibində gümüşün miqdarı 35–40 % olan qızıl elektrum adlanır.

Ağduzdağ təzahür zonasında mineraləmələgəlmə üç mərhələdə baş vermişdirː kvars-qızılː kvars-qızıl-sulfidː kvars-karbonat. Qızılın əsas kütləsi (70 %-ə qədər) hidrometal prosesin ikinci məhsuldar mərhələsində ayrılıb.

Mehmana filiz rayonu

Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng SES-in sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Vulkanoqen qrupunun qızıl saxlayan mis-kolçedan formasiyasına aiddir.

Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır.

Filiz rayonunda konsentrik-həlqəvi strukturlar ayrılır. Bu strukturlar içərisində Drombon strukturu ölçüsünə görə ən böyükdür. Bu həlqə və strukturlar filiz sahəsinin digər təzahürlərini nəzarət edirlər. Filizləşmənin həlqəvi strukturlarla sıx əlaqəsi müşahidə olunur.

Filiz kütləsi massiv, damarvari, damarcıq-möhtəvi və möhtəvi morfologiyaya malikdir.

Filizlərin tərkibində xalkopirit (5–10 %-dən 70–75 %-ə qədər), pirit (2,0 %-dən 50–55 %-ə qədər), markazit (0,5-dən 30–35 %-ə qədər), arsenopirit, bornit, üstünlük təşkil edirlər. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından (kvars və karbonatlardan) ibarətdir. Üçüncü filiz cismində əsas kütlə limonitləşmiş kvars-kaolinitlərdən ibarətdir. Onun səciyyəvi mineralları oksidləşmə zonası üçün xas olan xalkozin, kovellin, malaxit, azurit, limonit, hematit və s. ibarətdir.

Müəyyən edilib ki, Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır. Yalnız kiçik bir hissəsi narın dispersi şəklində olub, pirit, xalkopirit və digər sulfid mineralların tərkibində yayılıb.

Bünyamin Bünyadzadə

Visiontv.az