Bu gün Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı olub.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi rəsmi qeydiyyata alınıb.
Ofisin açılışında iştirak edən nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılması Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı adət-ənənələr və milli kimlikdən irəli gələn bir hadisədir: "Azərbaycan xalqının çoxəsrlik adət-ənənələri dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində gələcək nəsillərə ötürülür. Ofisin açılması xalqımızın multikultural zənginliyinə töhfə verəcək".
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə çıxışında Azərbaycanda mövcud dinlərə mənsub şəxslərin qardaşlıq mühitində yaşadığını deyib: “Biz bir ailəyik və çox şadıq ki, bu gün bizim ailəmizə yeni bir üzv daxil olur. Bu qardaşlıq mühitinin bünövrəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər bizlərlə - din xadimləri ilə görüşüb dinlərarası münasibətlərin nizamlanması istiqamətində öz tövsiyələrini verərdi. Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq məktəbinin davamçısı cənab Prezident İlham Əliyevdir”.

“On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar isə bildirib ki, Azərbaycanda hər bir dini inanca eyni diqqət və qayğının göstərildiyi müşahidə edilir: “Bu İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi üçün tarixi bir gündür. Biz burada olmağımızdan və rəsmi şəkildə tanınmağımızdan şərəf və sevinc duyuruq".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda qeyri-islam dini icmalarının sayının 39-a çatdığını deyib. O bildirib ki, kilsənin Bakıdakı ofisinin açılması Azərbaycanda vicdan azadlığının təmin olunmasının bariz nümunəsidir.
Qeyd edək ki, bu gün Prezident ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.


Visiontv.az