3 iyun - Dünya Velosiped Günüdür
03.06.2023

3 iyun - Dünya Velosiped Günüdür. Bu gün BMT Baş Assambleyası tərəfindən ötən ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən birgə hazırlanıb. Bu beynəlxalq tarixin qeyd edilməsində təşəbbüs Türkmənistan nümayəndələri tərəfindən irəli sürülüb.

Azərbaycanda kütləvi velosiped yarışları mütəmadi olaraq təşkil edilir. Beləliklə, idmanı Davamlı İnkişaf Məqsədlərindən biri kimi inkişaf etdirmək və sağlam həyat tərzini təşviq etmək məqsədilə Türkmənistanın Azərbaycandakı səfirliyi Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə ötən il iyunun 3-də Bakıda kütləvi velosiped turu təşkil etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Sağlamlıq Təşkilatının təşəbbüsü ilə bu il aprelin 7-də Veloparkda “Az avtomobil - çox həyat” şüarı ilə Dünya Sağlamlıq Gününə həsr olunmuş velosiped yürüşü keçirildi. Kampaniyanın əsas məqsədi, sağlam həyat tərzi ilə yanaşı, həftəsonları avtomobilsiz istirahət etmək ənənəsini formalaşdırmaqdır.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür, onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bütün bunlar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə uyğun gəlir. Velosipedlər istixana qazlarını atmosferə buraxmır və küçə səs-küyünün səviyyəsini artırmır. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını azaldır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada nəqliyyatın havanı çirkləndirməsi nəticəsində hər il təxminən 500 min insan ölür. Yol-nəqliyyat hadisələri bir ildə 90 min nəfərin həyatına son qoyur. Təxminən 70 milyon insan həddindən artıq küçə səs-küyündən əziyyət çəkir.

Visiontv.az