Taliban Əfqanıstanın şərqindəki mahalı ələ keçirib
23.06.2021

ABŞ-ın rəhbərlik etdiyi xarici qüvvələr ölkədən çıxmağa davam etdiyi vaxt Taliban Əfqanıstanın şərqində bir bölgəni ələ keçirib və başqa bir bölgədə hökumət qüvvələri ilə müvəqqəti atəşkəs razılığı əldə edib.

Visiontv.az xəbər verir ki, Əfqanıstandan verilən digər xəbərdə cümə axşamı səhər saatlarında Cənubi Helmand vilayətində yol kənarına yerləşdirilən bombanın partlaması qadın və uşaqlar da daxil olmaqla, azı 9 mülki vətəndaşın ölümünə səbəb oub.

Rəsmi mənbələr və yerli sakinlər Amerikanın Səsinə Əfqanıstanın təhlükəsizlik qüvvələrinin heç bir müqavimət göstərmədən müdafiə mövqelərindən geri çəkilmələrinin ardınca Talibanın Laqman vilayətinin Dövlət Şah mahalının nəzarətini ələ aldığını bildirib.
Məlumatda üsyançıların bölgədəki əsas hökumət binasını və təhlükəsizlik qüvvələrinin bir neçə postunu yandırdıqları da deyilir. Bu bölgə son altı aydır Talibanın mühasirəsində idi.

Talibanın sözçüsü Zabihulla Mücahid verdiyi açıqlamada deyib ki, Əfqanıstan polisi və əsgərləri bölgədən "qaçdıqdan" sonra Taliban qüvvələri iki tank, bir zirehli maşın və çox sayda silah və sursat ələ keçirib.

Əfqanıstanın Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrinin geri "taktiki olaraq geri çəkildiyini", lakin bölgədə hələ də toqquşmaların davam etdiyini və üsyançıların "ağır itki" verdiyini bildirib.

Döyüşlər qonşu Əlişanq bölgəsindəki yerli ağsaqqalların Əfqanıstan qüvvələri ilə Talibanın yerli fermerlərin buğda məhsulunu yığmasına icazə vermək üçün bir ay müddətinə əməliyyatları dayandırmaq barədə razılığa gəlmələrindən bir gün sonra başlayıb.