Müxtəlif ölkələrin Əfqanıstanla əməkdaşlığa marağı artıb.
07.09.2024

Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan, Türkmənistan və Tacikistan Əfqqanıstanla ortaq layihələr reallaşdırmaq istəyirlər. Bu sırada Azərbaycan da var. Ölkəmiz Əfqanıstanda səfirliyin fəaliyyətini bərpa edib. Baş nazirin müavini Şahin Mustafayev bir neçə gün əvvəl Özbəkistanda Əfqanıstanın baş nazir vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb və iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı xarici siyasətdə xeyli fəallaşıb. Əfqanıstanda ağır iqtisadi və sosial vəziyyət Talibanı beynəlxalq aləmdə tərəfdaş və investor axtarmağa məcbur edir. Hələlik Talibanın ən sıx tərəfdaşlıq etdiyi ölkə Çindir. Çin 2021-ci ilin avqustunda Taliban hərəkatını diplomatik şəkildə tanıyan ilk ölkə olub. Pekinin Talibanla əlaqələrini dərinləşdirməsinin motivi var. Çini Əfqanıstanın faydalı qazıntıları cəlb edib. Çin Əfqanıstanda mədən və minerallarla bağlı layihələr həyata keçirməyə başlayıb. Çinin dövlət tərəfindən dəstəklənən “Metallurgical Group Corp” şirkəti Əfqanıstanın əyalətlərinin birində mis mədəni zavodunun təməlini qoyub. Ancaq Əfqanıstanda heç də hamı bu zavodun açılmasını dəstəkləmir. Əyalət sakinləri zavodun çirklənməyə səbəb olacağından ehtiyat edirlər. Çünki zavodun işləməsi üçün tələb olunacaq böyük miqdarda sudan bölgə sakinləri də istifadə edir. Buna baxmayaraq, Kabil zavodun işləməsindən gələcək gəlirlərini hesablayır. Kabil zavod tam gücüylə işləməsindən ildə 300 ilə 400 milyon dollar arasında gəlir götürməyi planlaşdırır. Bu zaman zavodun ətraf mühitə hansı zərər vuracağı diqqətə alınmır. Mütəxəssislərin fikrincə, yalnız bir ton misin emalı 200 ton tullantı əmələ gətirir. Oxşar hadisə Afrika qitəsində də baş verib. 2020-ci ildə Mərkəzi Afrika Respublikasında qızıl hasilatı ilə məşğul olan dörd Çin şirkəti yerli ictimaiyyət üçün qida və su mənbəyi olan Ouham çayının çirkləndirilməsində iştirak etdikləri aşkar edildikdən sonra həmin şirkətlər Afrika ölkəsini tərk etmək məcburiyyətində qalıb. Çayın suyunda civənin yüksək səviyyədə olduğu müəyyən edilib. Taliban hazırda ancaq gəlirlər barədə düşünsə də, gələcəkdə Əfqanıstanın yeraltı zənginliklərinin istifadəsinin ətraf mühitə zərərinin qarşısının alınması barədə də düşünmək məcburiyyətində qalacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

visiontv.az