Pakistanın hərbi məntəqəsinə hücum nəticəsində 3 əsgər ölüb
17.07.2024

Pakistanın şimal-qərbindəki rəsmilər bazar ertəsi partlayıcı maddə ilə dolu avtomobilin və ardınca bir neçə silahlının hərbi məntəqəyə hücum etməsi nəticəsində azı 3 əsgərin öldüyünü, 12 nəfərin yaralandığını bildirib.

Sübhə yaxın baş verən basqın Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva vilayətinin Bannu qarnizon şəhərində baş verib. Yerli polis rəsmiləri və şahidlərin bildirdiyinə görə, partlayışın gücü yaxınlıqdakı mülki evləri dağıdıb, azı 6 nəfər yaralanıb.

Təhlükəsizlik mənbələri Amerikanın Səsinə bildiriblər ki, Pakistan əsgərləri hücum edənləri tez bir zamanda binanın bir hissəsində "küncə sıxıb" və onlardan dördünü öldürüb. Mənbələr ordunun ərazidəki təhlükəni zərərsizləşdirmək üçün "təmizləmə əməliyyatı" apardığını bildirib.

Ordunun Xidmətlərarası İctimai Əlaqələr media qanadının sözçüsü Amerikanın Səsinə əlavə təfərrüatları gözlədiklərini deyib.

Qlobal olaraq təyin edilmiş terror qruplaşması, "Təhrik-i-Taliban Pakistan"la (TTP) əlaqəli militantlar bazar ertəsi həyata keçirilən hücumun təşkilinə görə məsuliyyəti öz üzərinə götürüb. Bannu və ətraf rayonlar müntəzəm olaraq, “Təhrik-i-Taliban Pakistan”ın əsasən hərbi və polis qüvvələrini hədəf alan hücumları ilə üzləşir.

Pakistan "Təhrik-i-Taliban Pakistan" liderlərinin və döyüşçülərinin zorakılığı Əfqanıstan torpağındakı sığınacaqlarından təşkil etdiyini və qonşu ölkənin Taliban hökuməti tərəfindən getdikcə daha çox yardım edildiyini bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı keçirilən mətbuat konfransında İslamabadın narahatlığını bir daha təkrar edərək, "bu çox ciddi məsələnin" son bir neçə ay ərzində Əfqanıstanla ikitərəfli müzakirələrin mövzusu olduğunu deyib.

Taliban hökuməti ittihamları rədd edərək, "Təhrik-i-Taliban Pakistan"ın Pakistanın daxili problemi olduğunu bildirib.

visiontv.az