Miqrasiya orqanları işçiləri peşə bayramını qeyd edirlər
19.03.2026

Martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan Prezidentinin 17 mart 2010-cu il tarixli 812 saylı Sərəncamı ilə Dövlət  Miqrasiya Xidmətinin yaradıldığı gün miqrasiya orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Prezident İlham Əliyev 2006-cı ildə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Dövlət proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsi, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi məsələlər yer alıb.

Daha sonra dövlət başçısı 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasına dair fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilib.

Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 9 regional miqrasiya baş idarəsi (idarəsi), əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün Bakı, Naxçıvan və Yevlaxda olmaqla 3 müvəqqəti yerləşdirmə məntəqəsi, təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir. Bundan başqa, Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri fəaliyyət göstərir.

2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin üç dildə fəaliyyət göstərən "919" çağrı mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb.

Dövlət Miqrasiya Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra mühüm vəzifələri yerinə yetirir. Xidmət miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə onların həyata keçirilməsini təmin edir. Eyni zamanda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələlərinin həlli ilə məşğul olur.

Qurum əcnəbilərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazələr verir, həmçinin onların ödənişli əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazələrinin verilməsini həyata keçirir. Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı məsələlərdə iştirak edir, şəxslərin vətəndaşlığa mənsubiyyətini müəyyənləşdirir və vətəndaşlığın itirilməsi ilə bağlı proseslərdə də rol oynayır.

Bununla yanaşı, xidmət qaçqın və sığınacaq axtaran şəxslərə müvafiq statusun və təsdiqedici sənədlərin verilməsini təmin edir, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər görür. Qanunvericiliklə müəyyən olunmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlanılması mərkəzlərində yerləşdirilməsini və saxlanılmasını təşkil edir.

Dövlət Miqrasiya Xidməti həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir, xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan vətəndaşlarının qeydiyyatını aparır, onların hüquq və mənafelərinin qorunması məqsədilə digər dövlət qurumları və xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir. Bununla yanaşı, xaricdə yaşaya  Azərbaycan vətəndaşlarının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştirak edir və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri də yerinə yetirir.

visiontv.az